Bir öncəki yazıda Avropada canavarların mühafizə statusunun necə azaldıldığından bəhs etmişdim. Gələk ölkəmizin canavarlarına. Uzun illərdir cavab tapa bilmədiyim bir sual var – Azərbaycandakı canavarlar hansı canavarlardır?

İlk başda bu sual sadə görə bilinər, amma əslində cavab asan deyil! Canavar və ya boz qurd adlandırılan yırtıcının (lat. Canis lupus) bəzi mənbələrə görə 40-a yaxın yarımnövü var. Bu yarımnövlərin ölçü və çəkiləri müxtəlif olub, daha soyuq iqlimdə yaşayanlar 100 kq-ə qədər böyüyə bilir!

Təbii ki, Azərbaycanda ən geniş yayılmış təbii landşaft yarımsəhra və quru çöl landşaftı olduğundan bu cür isti iqlimə uyğunlaşmış kiçik ölçülü, az çəkili canavarlar gözlənəndir. Tez-tez qarşıma insanların bizdəki canavarları sənədli filmlərdə gördükləri (əsasəm Amerikanın nəhəng tundra canavarları) ilə müqayisə etdiklərini görürəm, eşidirəm (haşiyə: ekologiyadadaha böyük ölçülü populyasiyalar və növlər daha soyuq mühitdə, daha kiçik ölçülü populyasiyalar və növlərin isə daha isti bölgələrdə olmasına Berqman qaydası deyilir).

Şirvan MP-da erkək Çöl (step) canavarı © Zülfü Fərəcli

Sovet İttifaqında rast gəlinən məməlilər haqqında yazılmş ən detallı əsərlərdən biri olan Heptnerin çoxcildli “Mammals of the Soviet Union” (ingiliscəyə sonradan tərcümə olunub) əsərinin 2-ci cildinə görə (1998) ölkəmizdə canavarların “Qafqaz canavarı” adlanan (Canis lupus cubanensis) yarımnövünə rast gəlinir. Lakin, müasir ədəbiyyatlar bu yarımnövü daha əvvəl təsvir olunmuş step (çöl) canavarı (Canis lupus campestris, 1804) ilə eyni hesab edirlər. Bəzən həm də Xəzər canavarı adlanan bu yarımnöv daha açıq rənginə və kiçik ölçülərinə görə seçilir.

Maraqlıdır ki, eyni əsərdə Cənubi Qafqazdakı canavarlar arasında vahid bədən quruluşunun və rənginin olmadığı, fərqli fərdlərə rast gəlindiyi də qeyd olunur. Meşədə rast gəlinən canavarların daha tünd və nisbətən iri, çöldə rast gəlinənlərin isə daha “açıq paslı” kürkü olduğu qeyd olunur (ekologiyadakı Qloqer qaydası özünü doğruldur). Bu fakt bəzi şimal rayonlarında yaşayanların “iri canavarlar” gördüklərini və onların digər canavarlardan fərqləndiyini deməkləri ilə də təsdiqini tapır.

Qafqaz meşəsində bir cüt, nisbətən tünd canavar © giorgimailo/iNaturalist

Tiflisdəki Qafqaz Muzeyinin kuratoru olan Qustav Radde öz əsərində (1899) yazır ki:

“Qafqazda canavar güclü və ya iri deyil, cəsarətli, lakin yenə də qorxaqdır. İnsanlara hücumlar çox nadir hallarda eşidilir, lakin “dəli” canavarların dişləmələri daha çox olur… Onun qara sortunu Qaraçay rayonundan tanıyıram. Əslində, bütün xəz qara idi və kürkü çox gözəl idi, lakin mənim üçün çox bahalı olduğundan (100 rubl) ala bilmədim (muzey üçün).”

Yellouston MP-da qara kürklü (melanistik) canavar

Yəni onu da qeyd edə bilərik ki, bəzən ölkəmizdə qara rəngli (melanistik) fərdlərə də rast gəlmək olur. Maraqlısı odur ki, canavarlara qara rəngini verən, 3bp silinməsi (3bp deletion) adlanan bu mutasiya 10-15 min il əvvəl itlərdən keçmiş, hətta onları, xüsusən də qara kürk variantının iki nüsxəsini miras almış fərdləri (hər iki valideyni qara olan yəni) it taunu adlanan virusa (CDV) qarşı adi (boz) canavarlara nisbətən daha dayanaqlı edirmiş (ən azı Şimali Amerikada)

Onu da qeyd edim ki, canavarlar yayda qış kürklərini dəyişəndə daha arıq görünürlər. Məsələn, aşağıdakı fotoda yay kürkünə keçid mərhələsində olan dişi canavarı görürsünüz.

Zəngəzur MP-da dişi canavar ovu ilə © WWF Azerbaijan

Onu da qeyd edim ki, bundan təqribən 50 il öncə Qafqazda cəmi 4500 baş canavarın (Rusiya Qafqazı da daxil olmaqla) olduğu və hər il 1700 fərdin ovlandığı qeyd olunur (Bibikov 1975). Eyni mənbəyə görə canavarlara ən sıx Azərbaycan, Dağıstan və Şərqi Gürcüstanda (10-40 baş/1000 km2) rast gəlinir. Son araşdırmalara görə isə mühafizə olunan Hirkan Milli Parkında canavar sıxlığı 10 baş/1000 km2-dir (Askerov et al. 2022).

Onu da vurğulamaq lazımdır ki, Türkiyədə və İranda isə “Hindistan canavarı” (lat. Canis lupus pallipes) adlı yarımnövün olduğu qeyd olunur. Ən kiçik ölçülü canavarlardan biridir, erkəklər cəmi 19-25 kq, dişilər isə 17-22 kq olurlar. Bu canavarlar görünüşcə bizdəki çöl canavarlarına çox yaxındırlar və ehtimal ki, bu populyasiyalar arasında tarixi gen axışı vardır. Bu Qafqazda rast gəlinən canavarların genefondunda həm Şərqi Avropa, həm də Orta Şərq-ə aid hesab olunan haplotiplərin aşkarlanması ilə öz təsdiqini tapır.

Türkiyədən bir qurd rəsmi © Vodo/Tramem.org

Qeyd edim ki, bəzən ayrıca növ kimi (Canis indica) təsvir olunan bu canavarlar dünyamızın ən qədim canavarlarından hesab olunur, genetik araşdırmalara görə müasir itlərin əcdadı olan boz qurdlardan təqribən 270-400 min il öncə ayrılmışlardır. Ən azından Hindistanda (Himalay dağlarının təbii sərhəd olması səbəbiylə) izolyasiya halında yaşayırlar.

Ölkəmizdə və ümumi Qafqazda yaşayan canavarların taksonomik təsnifatı üçün gələcəkdə iri həcimli genetik testlər gərəkdir. Maraqlıdır ki, bəzi araşdırmalara görə canavarların genefondunda sahibsiz itlərin geninə rast gəlinib. Gürcüstandakı bir araşdırmaya görə populyasiya arasındakı bu cür hibridlərin payı çoxdur (test olunan fərdlərin 13%-i). Araşdırmanı aparan alimlərin fikrincə başıboş iri itlərin (çoban iti cinsləri kimi) çox olduğu yerlərdə (Qafqaz, Anadolu, Orta Şərq) canavarlar itlərin hibridləşməsi daha tez-tez baş verir. Bu da əvvəllər tez-tez vurğuladığım başıboş itlərin yerli ekosistemlərə zərərlərinə nümunədir. Əvvəl Şotlandiyadakı meşə pişiyinin bu cür hibrid genetik çirklənmə nəticəsində necə nəslinin tükəndiyindən yazmışdım.

Yazıda istinad olunan məqalələr:

Askerov et al. (2022). Estimation of the Population Densities of Species Prey or Competitorto the Leopard (Panthera pardus) in Hyrcan National Park, Azerbaijan. Biology Bulletin, 2022, Vol. 49, No. 7, pp. 225–232.

Bibikov, D. (1975) Wolf Ecology & Management in the USSR. Wolf Specialists First Meeting. IUCN PUBLICATIONS NEW SERIES (Supplementary Paper No 43).

Heptner, V. G. (1998). Mammals of the Soviet Union (v. 2, pt. 1a). Washington, D.C. : Smithsonian Institution Libraries and National Science Foundation.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading