Bu yaxınlarda öyrənmişəm ki, Qazaxıstan höküməti 200 illik aradan sonra öz çöllərində vəhşi atları bərpa etmək üçün Avropadakı zooparklardan atlar gətirib. Orta məktəbdə oxuyanda Coğrafiya dərsində ilk dəfə Prejevalski atının adını eşidəndə məndə maraq oyatmışdı. O vaxt bizə onun əhilləşmiş atın əcdadı olan primitiv at olduğunu deyirdilər. Lakin, bu o qədər də doğru deyil. Bu yazı Avrasiyada atların əhilləşdirilməsindən və vaxtilə sayları milyonlara çatan bir atın nəslinin necə tükəndiyindən bəhs edir.

İnsanların atlara olan sevgisinin tarixi qədimdir. Fransadakı məhşur Lascaux mağarasında da onların divar rəsmlərini görə bilərik.
Asiyadakı çöl atlarını isə ilk dəfə səyyah N. M. Prjevalski təsvir etmişdir. Ona görə səyyahın adını daşıyan bu atların digər adları Monqolustan atı, Cunqariya atı, Asiya çöl atı və sairdir. Kəkilsiz, yalının dik və qısa, quyruğunun və həmçinin başının böyük olması ilə ev atlarından fərqlənir deyə qeyd olunur.

1890-cu ildə dərc olunmuş jurnalda bu atların kəşf olunmasından belə bəhs olunur və onların təsviri verilir:
“Asiya Mərkəzi yaylasının şimalında yerləşən Türküstan çölləri Qobi səhrasını əmələ gətirəcək qədər və yenidən şərqdə Cunqariya səhrasına qədər uzanır. Sibirin bilavasitə cənubunda (onu Amur vadisi ayırır) və Tyan-Şan dağlarının şimalında yerləşən bu bölgə, çinlilərin hökmranlığından ruslarınkinə keçən dövrə qədər demək olar ki, tamamilə öyrənilməmiş qalmışdır . Bu səhra bölgəsində məşhur səyyah Prejevalski 1881-ci ildə Mərkəzi Asiyaya son səyahəti zamanı həm tarpandan* (bax sondakı qeydə), həm də vəhşi uzunqulağın müxtəlif növlərindən fərqlənən vəhşi at kəşf etdi.”

Jurnalda Prejevalskinin atının quyruq formasına görə hemion (vəhşi uzunqulaq) növü olduğunu güman edənlərin olduğu da qeyd olunur. “Lakin bu fikir bizə inandırıcı görünmür, çünki biz indiyədək ibtidai atın quyruğunun həqiqi formasından xəbərsiz olmuşuq.” deyə əlavə edilir.
Avropada bu atlara maraq artır və ekspedisiyalar müxtəlif vaxtlarda onların balalarını tutaraq (bu zaman yetkin fərdlər ovlanırdı) müxtəlif zooparklara aparırlar! Məsələn, 1889-1890-cu illər arasında 6 dayça Avropaya aparılsa da, 1930-cu illərə qədər təbiətdən tutulub zooparklara aparılan Prejevalski atlarının sayı 34-ə çatır. Bundan sonra onların təbiətdə sayı daha da azalmağa başlayır. Bir araşdırmaya görə hətta onların ilk təsvir olunduğu Qobi çölləri atların tipik landşaftı deyil, təqibdən sığındığı son ərazi (refugiya) olmuşdur.
Sonra Monqolustanda ovlanan fərdlərlə 1960-cı illərdə onların təbiətdə nəsli tükənir! 90-cı illərdən başlayaraq zooparklarda qalan 12 vəhşi və 4 əhilləşdirilmiş fərdin əsasında onların sayı artırılmış və onlar Çin, Monqolustan, Rusiya, Ukrayna, Fransada təbiətə buraxılmışlardır. Bu da Prejevalski atını yenidən təbiətə “qaytarılmış” ilk iri məməli edir.
Lakin, bu vaxt həmin zooparklardakı fərdlər əvvəlki təsvirlərdəki “vəhşi atlara” bənzədilmək məqsədilə süni seçilmişdir. Bugün təbiətdə sayları 2000 başa çatan Prejevalski atları eyni 20-dən az əcdadı bölüşür. Bu isə onların genetik xəstəliklərə daha az dayanıqlı olmaları mənasına gəlir. Günümüzdə zooparklarda və çoxaltma mərkəzlərində onların sayı 2500 başdan çoxdur. Ölkəmizdə və Avropada reintoroduksiya olunan zubrlar da bənzər şəkildə cəmi 12 fərddən törəyiblər.
Maraqlısı budur ki, təsvir olunduğu ilk vaxtdan vəhşi at adlandırılan Prejevalski atlarının əslində bundan 5500 il öncə əhilləşdirilmiş atlardan törədiyini deyənlər də var! Bunu Qazaxıstanın şimalındakı arxeoloji qazıntılar zamanı Botay mədəniyyəti adlanan (e.ə 3700–3100) dövrə aid at qalıqlarının genetikasının müasir Prejevalski atları ilə müqayisəsi deyir. Bu isə o deməkdir ki, əslində dünyada vəhşi atlar qalmayıb, Prejevalski atları da daxil olmaqla bütün atlar nə vaxtsa əhilləşdirilmiş atların genlərini daşıyırlar. Bəzi arxeoloqlar Botaydakı həmin atların əhilləşdirilmədiyini, sadəcə ətinə görə ovlanmış vəhşi atlar olduğunu deyir. İstənilən halda bu atların müasir əhilləşdirilmiş atların genetikasında heç bir payı olmadığı məlum olmuşdur. Həmçinin araşdırmada Botay atlarının, dolaysıyla Prejevalski atlarının müxtəlif rənglərdə (hətta xallı) ola biləcəyi də vurğulanır. Lakin, ötən əsrdə zooparklarda təbiətə buraxılmamışdan öncə süni seçmə ilə yalnız açıq qonur Prejevalski atları (qədim təsvirlərə baxaraq) seçilmişdi.

Onu da qeyd edim ki, Prejevalski atı bildiyimiz atdana xromosom sayına görə fərqlənir, bu isə atın tarixdə bir neçə dəfə ayrı-ayrı populyasiyalardan əhilləşdirildiyini göstərə bilər.
Nature jurnalında 2021-ci ildə 50-dən çox müəllifin birgə yazdığı, 300-ə yaxın qədim və müasir at nünuməsi əsasında ərsəyə gəlmiş bir araşdırmaya görə Qarabağ atı da daxil bütün müasir əhilləşdirilmiş atlar bundan 4200 il öncə vahid “Xəzəryanı” at populyasiyasından əldə olunmuşdur.
İnsanların köçü ilə bu atların genləri bütün Avrasiya çöllərinə yayılmış və demək olar digər vəhşi at populyasiyalarını yox etmişdir. Maraqlıdır ki, vaxtilə atın əcdadı sayılan tarpanın əslində atın əcdadı olmadığı ortaya çıxmışdır.

Qeyd: Tarpanların Avropadakı vəhşi atlarla əhilləşmiş atların hibridi olduğu məlum olmuşdur. Tarpanı ilk dəfə təsvir edən alim Qmelindir (1770). O, indiki Belarusiyada yerləşən Bobruysk yaxınlığında yerlilələrə görə həm “vəhşi“, həm də “Rus atları” ilə qarışıq at dəstəsi aşkarlamışdı. Yerli ovçularla birlikdə o 3 atı ovlayır və dayçanı canlı tuturaq onun təsvirini çəkir. Maraqlıdır ki, Qmelinin özü tarpan sözünü işlətməmiş, bu ad Avropada rast gəlinən bozumtul “vəhşi” atlar üçün sonradan işlədilmişdir. İlk dəfə başqa səyyah Pallas (1773) bu ifadəni müharibələrdə sahibləri öldükdən sonra təbiətdə qalıb zamanla “vəhşiləşən” atlar üçün işlətmişdir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!
Leave a Reply