2023-cü ildə Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşri dərc olundu.  Bu nəşrə nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna (152 onurğalı, 89 onurğasız) və 460 flora növü daxil edilmişdir (mənbə: ETSN)

Hər kəs Qırmızı Kitaba daxil olan ikonik bəbir, zubr və s. kimi növlərin adını eşitsə də, çoxları kitabdakı kiçik canlıları heç tanımır. Buna bambi təsiri deyirlər. Bu bloqyazıda qırmızı kitabımıza daxil olan, fikir vermədiyimiz kiçik canlıların bəzilərindən bəhs olunur:

Haşiyə: “Bambi təsiri” Disney-in məhşur maral cizgi filminin ilk seriyasında (1942-ci il) ovçunun Bambinin anasını ovlaması səhnəsindən sonra ortaya çıxmışdır. Xüsusən ABŞ-da insanların maral kimi “sevimli” hesab etdikləri heyvanları öldürülməsinə qarşı gəlmələrini ifadə edir. Digər tərəfdən insanlar “sevimli” hesab etmədikləri canlıların məhvini normal qarşılayır.

Şərqi tibb zəlisi (Hirudo orientalis)

Haqqında: Su bitkilərilə zəngin olan, zəif axarlı və dayaz su tutarlarında yaşayır. Qanla qidalanır. Növün qanunsuz tədarükü nəticəsində son 20 ildə sayı azalmağa davam edir.

Qarabağ ikiqabarlısı (Karabaghia bituberosa)

(c) iNaturalist/frank375

Haqqında: Azərbaycanda Qarabağın yüksək dağlıq ərazilərində yayılmış molyusk növüdür. İndiyə qədər heç bir tədbir görülməmişdir. İlk dəfə Qırmızı Kitaba daxil edilib.

Uzunbarmaq çay xərçəngi (Astacus leptodactylus)

Haqqında: Xəzər dənizi və Xəzər hövzəsi çayları, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Araz su anbarları və Kürətrafı su tutarlarında yayılmışdır. Son illərdə intensiv ovlanması nəticəsində sayının kəskin azalması müşahidə olunur.

İkiqabarcıqlı çöpcə (Sceptrophasma bituberculatum)

Haqqında: Naxçıvan MR-də, Qobustan, Ağstafa və Mingəçevirdə qeydə alınmışdır. Azsaylı növdür. Təbiətdə dişilərə erkəklərə nisbətən daha tez-tez rast gəlinir. İldə bir nəsil inkişaf edir. Yumurta və ya sürfə mərhələsində qışlayır.

Yəhərli şala (Saga ephippigera)

Bizim tapdığımız yəhərli şala

Haqqında: Qarabağ, Mil və Muğan düzlərində, Qobustan, Qazax, Gəncə, Lənkəran, Xızı, Naxçıvan MR-də yayılmışdır. Azsaylı növdür. Ona həm də “yırtıcı şala” deyirlər. Bu ad da boş-boşuna deyil. Digər çəyirtkələrlə, həşəratlarla, hətta öz növündən olanlarla da (kannibalizm) qidalanır. Ümumiyyətlə bu növün erkəyini tapmaq müşgül məsələdir. Dişilərinin erkək olmadan da çoxala bildiyi bilən azsaylı növlərdən biridir. Ona bənzər başqa qırmızı kitab növü olan çöl şalası (Saga pedo) da var.

Qıvrım oniks (Onychogomphus flexuosus)

Haqqında: Şamaxı, Samux və Ağstafada rast gəlinən iynəcə növüdür. Dağ ətəklərinin açıq landşaftlar ilə axan, çınqıllı sahillərə malik böyük, kölgəsiz çaylarda yaşayır. Maydan avqustadək uçur. Azsaylı növdür.

Qafqaz ilbizyeyən fışqırdanı (Carabus caucasicus)

Haqqında: Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcək ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinir. Yırtıcıdır, adından göründüyü kimi əsas ilbizlərlə qidalanmaqla fayda verir. Narahat edilmiş böcəklər arxasından zəhərli maye ifraz edirlər. Ona görə ələ almaq tövsiyyə olunmur!

Fərat çapağanı (Grammognatha euphratica)

Haqqında: Böcəklərə şoran torpaq sahələrində yazda və yayın başlanğıcında rast gəlinir. Gecə yırtıcısıdır. Abşeronda, Şirvan və Muğan düzündə yayılmışdır.

Solomon qızılböcəyi (Buprestis salomonii)

Haqqında: Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Sürfələri qovaq ağacının oduncağında inkişaf edir. Tuqay meşələrinin azalması sayına mənfi təsir edir.

Oleandr hafı (Daphnis nerii)

Haqqında: Yetkin fərdlər petuniya, jasmin və doqquzdon kimi ətirli növlərə üstünlük verməklə müxtəlif çiçəklərin nektarı ilə qidalanırlar. Kəpənəklər mayın sonundan sentyabr ayına qədər uçur, 2-3 nəsil verir. Pup mərhələsində qışlayırlar.

Qırmızınöqtəli ayıca (Utethesia pulchella)

Haqqında: Yovşanı çox olan düzən və dağ-səhra biotoplarında məskunlaşır. Kəpənəyi may-oktyabr aylarında uçur. Azərbaycanda 2 nəsil verir. Köçəri növdür.

Talış brameyası (Brahmaea christophi)

Haqqında: Subtropik rütubətli relikt sahil meşələrində, dərə və yamaclardakı kölgəli kolluqlarda rast gəlinir. Aprel-iyunda uçur. Azərbaycanda Talış zonasında yayılmışdır.

Fars zolaqlı arısı (Bombus persicus)

Haqqında: Naxçıvan MR-də, Lerik rayonunda rast gəlinir. Azsaylı növdür. Son 30 ildə 1 fərd toplanmışdır. Qafqaz endemikidir.

Qarmaqburunlu bubopsis (Bubopsis hamatus)

Öz arxivimdən fotosu!

Haqqında: Azsaylı növdür. Abşeron, Siyəzən, Xızı, Kürdəmir rayonlarında qeydə alınmışdır.

Əslində siyahını uzatmaq da olar. Bu bloqun məqsədi həyatımızda fərqində olmadan qarşılaşa biləcəyimiz qırmızı kitab növlərinin bəziləri ilə tanış etməkdir.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. Qırmızı kitabda Talış brameyası yazıblar yoxsa Kristofer brameyası?

    1. Burdakı adlar Qırmızı Kitabda olduğu kimi verilib, yəni Talış brameyası yazılıb.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading