Uçma bacarığı olan yeganə məməli olan yarasalar olduqca maraqlı canldırlar. Lakin əsasən gecə aktiv olduqlarından onları tez-tez görmürük. Birdə filmlər və mifologiya onları qorxulu canlılar kimi təqdim etdiyindən bir çox insan onlardan qorxur.

Yarasalar deyəndə ağla təbii ki, exolokasiya gəlir. Yarasaların çıxardıqları (bəzən saniyədə yüzlərlə) səs dalğaları önlərindəki cismə (məsələn həşərat) dəyərək geri qayıdır. Yarasa həssas qulaqları ilə geri dönən səs dalğalarını dinləyərək həmin cismin dəqiq yerini bilir (gecə belə ovlanırlar). Radarların da məhz bu prinsipə əsaslandığını bilirdinizmi?

Azərbaycanda yarasalara əsasən tikililərdə (xüsusən Aralıq dəniz şəbpərəsi, dağ gönlücəsi kimi sinantrop növlər), sonra mağaralarda (xüsusən nalburunlar və uzunqanadlar) və qayalıqlarda (çatlarda) rast gəlinir.

*Bu bloqyazı ölkəmizin yarasalarını tanımaq üçün ilkin məlumat bazası kimi nəzərdə tutulub, növləri ayırmaq çətin olub, xüsusi biliklər tələb edir. Qarşısında AzQK qeyd olunan növlər (10 növ) Azərbaycan Respublikasının Qırmızı Kitabının son nəşrinə (2023) daxil olan növlərdir.

Ədəbiyyatlarda ölkəmizdə 4 fəsiləyə aid, 11 cinsdən olan 33 yarasa növünün olduğu qeyd olunur. Əlavə bəzi növlərin də gələcəkdə tapılacağı ehtimal edilir. Həmin fəsilələr barədə qısa məlumatları bölüşmək istəyirəm:

1. Buldoqkimilər (lat. Molossidae) fəsiləsi – Üst dodaqları sallanan ətli büküklər şəklində yığılmışdır (buldoq itləri kimi). Quyruğunun demək olar ki yarısının budarası pərdədən kənardadır, buna görə həm də azadquyruq yarasalar da adlanır. Azərbaycanda və Qafqazda cəmi bir növü yayılmışdır:

  1. Bükükdodaq enliqulaq (Tadarida teniotis) – 25-50 qram çəkisi, 81-92 mm uzunluğu ilə ən iri ölçülü yarasa növümüzdür. Azərbaycanda ilk dəfə ötən əsrin əvvələrində Şuşa ətrafında qeydə alınmışdır, müasir dövrdə müşahidələri yoxdur. AzQK
Bükük üst dodaqlarına və uzun quyruğuna görə asanlıqla seçilir.

2. Uzunqanadlar (lat. Miniopteridae) fəsiləsinin nümayəndələri uzun, əsası geniş, uclarda ensizləşən qanadlarına görə seçilir. Azərbaycanda bir növ qeydə alınmış, bir növün də olması ehtimal olunur.

  • Adi uzunqanad (Miniopterus schreibersii) AzQK
  • Solğun uzunqanad (Miniopterus pallidus) – Ölkəmizdə olması ehtimal olunur.
Adi uzunqanad

3. Nalburunlar fəsiləsi (lat. Rhinolophidae) – Başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların olması (“nal” , “neştər”, “yəhər”), traqussuz qulaqları (traqus – qulağın içində çıxıntı) , enli qanadları ilə fərqlənir.

Bu fəsilə burnundakı çıxıntılara görə fərqlənir

Azərbaycanda 5 növü var:

  • Kiçik nalburun (Rhinolophus hipposideros) – Kütləsi cəmi 3-8 qram olur. Azərbaycanda ilin bütün fəsilləri görmək olur. AzQK
Kiçik nalburunun üz quruluşu
  • Böyük nalburun (Rhinolophus ferrumequinum) – Ölkəmizdəki nalburunların ən irisidir (13-30 qram). Azərbaycanda ilin bütün fəsiiləri görmək olur.
  • Eynəkli nalburun (Rhinolophus mehelyi) – Azərbaycanda ilin bütün fəsiiləri görmək olur. AzQK
  • Aralıq dənizi nalburunu (Rhinolophus blasii) – Azərbaycanda nisbətən nadirdir (Böyük və Kiçik Qafqazdakı mağaralarda rast gəlinmişdir). AzQK
  • Cənub nalburunu (Rhinolophus euryale) – Azərbaycanda yalnız Kiçik Qafqaz və Naxçıvan mağaralarında (4 məntəqə) aşkar olunub. AzQK

Yerdə qalan 28 növ isə 4-cü fəsilə olan Hamarburunlar (lat. Vespertilionidae) aiddir. Bu fəsilə başın üst hissəsində mürəkkəb dəri törəmələrinin olmamasına və qulaqdakı traqusun yaxşı inkişaf etməsinə görə seçilir.

Yarasa qulağındakı ətli çıxıntı traqus adlanır
Azərbaycanda qeydə alınmış növləri:

“Siçanqulaqlı” Myotis cinsi:

  • İtiqulaq gecə şəbpərəsi (Myotis blythii)
  • Uzunqulaq gecə şəbpərəsi (Myotis bechsteinii) – Yalnız bir məntəqədən (Qəbələ) məlumdur. AzQK
  • Naterer gecə şəbpərəsi (Myotis nattereri)
  • Üçrəng gecə şəbpərəsi (Myotis emarginatus)
  • Bığlı gecə şəbpərəsi (Myotis mystacinus)
  • Brandt gecə şəbpərəsi (Myotis brandtii)
  • David gecə şəbpərəsi (Myotis davidii)
  • Dobenton gecə şəbpərəsi (Myotis daubentonii)
  • Alkato gecə şəbpərəsi (Myotis alcathoe) – Azərbaycanda ancaq Böyük Qafqazın cənub yamaclarında tək-tək rast gəlinir
  • Şaubi gecə şəbpərəsi (Myotis schaubi) – Naxçıvan MR-nın sərhədyanı yarımsəhralarında tapılması güman edilir.
Uzunqulaq gecə şəbpərəsi
  • Cırtdan şəbpərə (Pipistrellus pipistrellus) – Ən kiçik yarasa növümüzdür.
  • Meşə şəbpərəsi (Pipistrellus nathusii) – Xəzər sahili ilə uzaq məsafələrə (Rusiyaya) köç edir.
  • Aralıq dəniz şəbpərəsi (Pipistrellus kuhlii)
  • Kiçik şəbpərə (Pipistrellus pygmaeus)
Ən kiçik yarasamız – Cırtdan şəbpərə
  • Qonur palazqulaq (Plecotus auritus)
  • Dağ palazqulağı (Plecotus macrobullaris)
Dağ palazqulağı
  • Avropa enliqulağı (Barbastella barbastellus) AzQK
  • Xəzər enliqulağı (Barbastella caspica) AzQK
Avropa enliqulağı
  • Kürən axşam yarasası (Nyctalus noctula) – Xəzər sahili ilə uzaq məsafələrə köç edir.
  • Kiçik axşam yarasası (Nyctalus leisleri)
  • Nəhəng axşam yarasası (Nyctalus lasiopterus) – Azərbaycan ərazisində fiziki olaraq müşahidə olunmasa da (Gürcüstan və Ermənistanda qeydə alınmışdır) ümumdunya arealı Azərbaycanı əhatə edir və bu növün yaxın zamanlarda müasir avadanlıqlarla qeydə alınacağı proqnozlaşdırılır
  • Gönlücəyəbənzər şəbpərə (Hypsugo savii) – Azərbaycanda nadirdir.
  • İkirəng gönlücə (Vespertilio murinus)
Kürən axşam yarasası
  • Şimal gönlücəsi (Eptesicus nilssonii)
  • Dağ gönlücəsi (Eptesicus serotinus)
  • Səhra gönlücəsi (Eptesicus ognevi) AzQK
Səhra gönlücəsi

YARASALARIN STATUSU BARƏDƏ

Azərbaycanda cırtdan və Aralıq dəniz şəbpərələri çoxsaylı; kiçik və böyük nalburunlar, itiqulaq və bığlı gecə şəbpərələri, dağ gönlücəsi növləri adi: qonur palazqulaq və gönlücə şəkilli şəbpərə isə nadir yarasa növü hesab olunur.

Təsadüfən yarasa ilə qarşılasanız ona əsla çılpaq əllə TOXUNMAYIN! Təbiətdəki faydalarına baxmayaraq yarasalar quduzluq kimi bəzi təhlükəli virusların daşıyıcısı ola bilərlər. Əgər təsadüfən (onu tutmaq istəyərkən) yarasa sizi dişləyərsə həkimə müraciət ederək quduzluq əleyhinə vaksinasiya olmaq tövsiyyə olunandır.

Əsas mənbələr

Institute of Zoology, Azerbaijan Academy of Sciences. (2001). Report on the implementation of the Agreement in Azerbaijan Republic. Agreement on the Conservation of Bats in Europe. Retrieved from Eurobats

Raxmatulina İ.K. (2006). Bioloji müxtəliflilik: AZƏRBAYCANIN UÇAN MƏMƏLİLƏRİ. “ANT” Poliqrafiya firması, Bakı, 99 səh.

Zoologiya İnstitutu. (2023). Azərbaycan faunasının informasiya sistemi (onurğalılar). Baş redaktor: a.e.ü.f.d., dos. Ələddin Eyvazov, Məsul redaktor: b.e.d., dos. Elşad Əhmədov. Bakı, 2023, “Tərəqqi” MMC, 598 səh.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading