Bildiyiniz kimi ölkəmizdəki ən maraqlı tarxi abidələrdən biri də Qobustan qayaüstü təsvirləridir. UNESCO tərəfindən mədəni irs siyahısına əlavə edilmiş bu yerdə 1000-dən çox qayanın üzərində aşkarlanmış 6000-dən çox petroqlif (qayaüstü rəsmlər) aşkarlanmışdır. Qobustan barədə məndən daha yaxşı cavab verəcək onlarla mütəxəssis, səhifə tapa bilərsiniz. Mən isə təsvirlərin zooloji aspekti (hansı növlər təsvir olunub) və təsvirlərin yaşı nə qədərdir o barədə yazacam:
İlk öncə ondan başlayaq ki, Qobustan və ümumiyyətlə Qafqaz qədim homininlərin (insan və Homo cinsindən olan digər növlər) əsas köç yollarının üzərində yerləşdiyindən daim dəyişən mədəniyyətlərə ev sahibliyi etmişdir. Qafqazdakı ən qədim hominin izləri Gürcüstanda yerləşən Dmanisi mağarasında tapılmış Homo erectus növünə aid olan, 1.8 milyon illik yaşlı skletlərdir. Bizim Azıx mağarısında tapılmış insan qalıqları (Homo heidelbergensis = azıxantrop) əsasən onun 400 min illə 50 min il arası istənilən bir dövrdə yaşaması qeyd olunur. Bundan sonrakı dövrdə isə bu köç roatasını neandertallar və ağıllı insanlar (bizim növümüz) istifadə etmişdir.

Xəzərin qərbindəki ilk ağıllı insan (Homo sapiens) məskənlərinin 30-35 min il öncə salındığı deyilir. Qobustandakı ilk qayaüstü rəsmlər isə bundan 20 min il sonrasına aiddir. Yəni bu təsvirləri Azıxantrop kimi əcdadlarımız deyil öz növümüz çəkmişdir. Xəzər dənizinin səviyyəsinin qalxıb-düşməsi (bəzən +25 metrədək) ucbatından Qobustan ərazisinin sular altında qaldığı dövrlər də olmuşdur. Qobustandakı təsvirlər 3 müxtəlif yerdə – Böyükdaş, Kiçikdaş və Cingirdaş tapılmışdır. Bu yazıda ziyarətçilərə açıq olan Böyükdaşdakı təsvirlərə üstünlük verilmişdir.
Qobustandakı təsvirlərin tarixi barədə
Qobustanda mövcud olan qayaüstü rəsmlərin tarixinin öyrənilməsindəki ən böyük çətinlik müxətlif təsvirlərin bir-birinin üzərinə müxtəlif dövrlərdə çəkilməsidir. Məsələn, Anazağa mağarasındakı (Böyükdaş) rəsmlər buna nümunədir və burda müxtəlif dövrlərdən olan təsvirləri üst-üstə görmək olar. Qayanın üstündə 63 adam (39 kişi, 24 qadın), 7 vəhşi öküz, 2 keçi, qayıqlar və digər (bilinməyən) təsvir var.

Bir məqaləyə görə Qobustandakı qayaüstü təsvirlərin ən qədimi karbon testləri nəticəsinə əsasən 13 610 il öncəyə aid (Kiçikdağda) olan təsvirlərdir. Bundan sonrakı ən qədim rəsmlər isə yuxarıda təsvir edilən qayadakı (Böyükdaş 29 nömrəli qaya) 10 600 illik tarixi olan rəsmlərdir. Bu məqaləyə görə Qobustandakı təsvirlər karbon testləri və geoloji xüsusiyyətlər nəzərə alınaraq 7 dövrə bölünə bilər:
- Üst Plaeolit-Mezolit dövrü
- Mezolit dövrü
- Neolit dövrü
- Eneolit/Mis dövrü
- Tunc dövrü
- Erkən dəmir dövrü
- Orta əsrlər və müasir dövr

Qayalardakı müxtəlif heyvan növlərinə misallar:
Aslan (eramızdan əvvəl 4-3-cü minilliklər):


Maral (eramızdan əvvəl 4-3-cü minilliklər):


Bezoar keçisi (Dağ keçisi) (eramızdan əvvəl 4-3-cü minilliklər):


İbtidai öküz (eramızdan əvvəl 7-ci minillik)


Vəhşi at (eramızdan əvvəl 7-6-cı minilliklər)


Naməlum quş (e.ə 1-ci minillik)

Əsas mənbələr:
Cəfərzadə, İ. (1973). Qobustan. Qayaüstü rəsmlər. Azərbaycan SSR Elmlər Akademiyası, Tarix İnstitutu. Elm nəşriyyatı Bakı [Rusca]
Fərəcova, M. (2021). QOBUSTAN (AZƏRBAYCAN) PETROQLİFLƏRİNİN TARİXİ HAQQINDA. Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası. 17. 658-683. 10.32653/CH173658-683. [Rusca]
Leave a Reply