Təbiət gözəldir, amma bəzən gözlənilməz sürprizlər də təqdim edə bilər. Xüsusilə də yay fəslində Azərbaycanın müxtəlif bölgələrində gəzinti və yürüş edənlər üçün bəzi canlılarla qarşılaşmaq mümkündür. Gəlin ölkəmizdə rast gəlinə biləcək ən təhlükəli canlılara və onlarla qarşılaşdıqda nə etməli olduğumuza birlikdə baxaq.
Qeyd: Azərbaycanda təhlükəli ola biləcək bir neçə iri yırtıcı növü (ayı, bəbir, canavar) yaşasa da onlar insandan qaçan heyvanlardır. Adi turist marşrutlarında onlara rast gəlmə ehtimalı çox azdır. Buna görə bu yazı qarşılaşma ehtimalınız nəzərə alınaraq hazırlanıb (sonda başıboş itlər də daxil iri yırtıcılarla qarşılaşdıqda nə etməli qeyd olunub)
- NƏHƏG GÜRZƏ (MACROVİPERA LEBETİNA OBTUSA)

Azərbaycanın ən geniş yayılan zəhərli ilanıdır. Dağətəyi və yarımsəhra ərazilərdə, o cümlədən Abşeronda tez-tez rast gəlinir. Sancması ağır zəhərlənməyə, qan laxtalanmasının pozulmasına və şok halına səbəb ola bilər.
Nə etməli?
- İlana toxunmayın və onu təhrik etməyin.
- İlan qıvrılaraq özünü müdafiə etmək istəyirsə yavaş-yavaş geri uzaqlaşın. Əsla ona tərəf getməyin!
İlan sancmasında ilkin yardımın əsas prinsipləri bunlardır:
- Zərərçəkmişi tez bir zamanda tibbi yardım məntəqəsinə/xəstəxanaya çatdırmaq;
- Zəhərin təsirinin yayılmasını mümkün qədər ləngitmək;
- Həyati təhlükə yaradan ilkin simptomları yüngülləşdirmək.
Sancılmış şəxs sakitləşdirilməlidir, çünki qorxu və stress nəticəsində ürək döyüntüsünün sürətlənməsi (taxikardiya) zəhərin bədəndə daha tez yayılmasına səbəb ola bilər. Sancılan nahiyə su və spirtsiz antiseptiklərlə təmizlənməlidir. Qolbaq, saat və ya dar geyim kimi qan dövranını sıxan əşyalar çıxarılmalı, zədələnmiş ətraf sadə vasitələrlə (məsələn, taxta çubuq və ya parça ilə) hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Çünki əzələ hərəkəti zəhərin bədənə yayılmasını sürətləndirir!
2. QARA ƏQRƏB (ANDROCTONUS TRANSCAUCASICUS)

Naxçıvan MR-da, xüsusilə quru iqlimli düzənliklərdə və qayalıqlarda rast gəlinir. Bu əqrəb növü güclü neyrotoksik zəhər ifraz edir və bu tənəffüs əzələlərinin iflici, sinir-əzələ rabitəsinin pozulması və bəzən ürək ritminin dəyişməsi kimi həyati təhlükə yaradan hallar doğura bilər. Sancma xüsusilə uşaqlar, yaşlılar və ürək-damar problemi olanlar üçün daha kritikdir.
🔸 Nə etməli?
- Qaranlıqda oturacağınız və yatacağınız yerləri yoxlayın (əqrəblər gecə aktiv olur).
- Yerdən daşları qaldırmayın.
- Sancıldıqda panik olmayın, sancma yerini təmizləyin və hərəkəti azaldın. Sinir ağrısını azaltmaq üçün sancılan yerə buz qoya bilərsiniz (varsa)
- Vaxt itirmədən təcili tibbi yardıma müraciət edin.
3. QARAQURD/QARADUL HÖRÜMÇƏYİ (LATRODECTUS SP.)

Bu hörümçək növü kənd təsərrüfatı sahələrində, daş yığınlarında və anbarlarda gizlənə bilər. Qaradullar olduqca güclü neyrotoksin (sinir sisteminə təsir edən) olan zəhərə sahibdirlər. Yalnız dişi fərdlər insanı dişləyəbiləcək qədər uzun zəhər dişinə sahibdirlər. Onların dişləmələri təcili tibbi müdaxilə tələb edir, ancaq ölüm hallarına çox nadir rast gəlinir. Hər il bir neçə şəxs bu hörümçəklər tərəfindən dişlənir. Dişləmənin özü adətən ağrısız olur, məsələn insanlar tarlada işləyərkən dişləməni hiss etmirdilər. Yalnız zəhərlənmə əlamətləri özünü göstərməyə başladıqda xəstəxanaya müraciət edirlər. Maraqlıdır ki, zəhərin kişilərdə qadınlara nisbətən daha çox fəsad törətdiyi deyilir.
🔸 Nə etməli?
- Əl ilə heç bir hörümçək yuvasına və qaranlıq yerlərə toxunmayın.
- Sancıldıqda ilkin yardım kimi sakit qalmaq və yaraya soyuq kompres (buz) qoymaq olar.
- Əlamətlər 30-60 dəqiqə ərzində ortaya çıxırsa, təxirəsalınmaz tibbi yardım alınmalıdır.
- Xüsusilə uşaqlar və yaşlılar üçün vəziyyət ciddi ola bilər.
🐻 İri yırtıcılarla qarşılaşdıqda ümumi davranış qaydaları
Azərbaycanın meşəlik və dağlıq bölgələrində qonur ayı (Ursus arctos), canavar (Canis lupus), bəzən isə nadir hallarda bəbir (Panthera pardus tulliana) kimi insan üçün təhlükəli ola biləcək yırtıcılarla qarşılaşma ehtimalı vardır. Xüsusən yanında balaları olan dişi ayılar olduqca təhlükəli ola bilər! Reallıqda isə ən çox qarşılaşılan təhlükəli yırtıcı başıboş itlər olur.
🔸 Nə etməli?
- Qaçmayın. Qaçmaq heyvanda ov instinkti yarada bilər.

- Səssiz və yavaş hərəkətlərlə geri addımlamağa başlayın.
- Əgər heyvan sizi təqib etməyə davam edirsə özünüzü böyük göstərməyə çalışın (məsələn, qollarınızı yuxarı qaldıraraq). Əlinizdə çubuq (hiking üçün) varsa onu qaldırın.

- Çoxlu səs salaraq (qışqırmaq) “qorxmadığınızı” göstərmək üçün effektlidir.
- Əgər bütun bunlara baxmayaraq heyvan hücum edərsə, əsas üz və gözünüzü qoruyun, yerə yıxılsanız, kürəyinizi üstə verib başınızı qollarınızla qoruyun.

Leave a Reply