Çox vaxt burda ölkəmizin təbiətindən, biomüxtəlifliyindən, gördüyümüz gözəlliklərdən yazıram. Son illərdə Azərbaycanda iki quş növünün nəslinin tükəndiyi rəsmən qeydə alınıb. Bunu bilirdinizmi? Çox güman ki, bir çoxlarımız bu məlumatdan xəbərsizik. Bu növlərdən ağ durna və kiçik əyridimdikdir. Hər iki növ bir zamanlar ölkəmizin təbii səslərinin bir hissəsi idi, indi isə onları yalnız şəkillərdə və ya ədəbiyyatlarda görə bilərik.

Azərbaycanda nəsli tükənmiş iki quş növü: Ağ durna və kiçik əyridimdik.

Təəssüf ki, bu problem yalnız ölkəmizlə məhdudlaşmır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qırmızı siyahısına görə, hazırda 200-dən çox quş növü “kritik təhlükədə” (critically endangered, CR) kateqoriyasına daxildir. Yəni, onların nəsli istənilən anda təbiətdə tamamilə tükənə bilər. Bu növlərin bir çoxu üçün bəlkə də artıq çox gecdir. Amma hələ də bəziləri üçün ümid işığı sönməyib…

Təbiətdə tükənib, amma sağ qalan 5 növ:

Hazırda dünyada 5 quş növü var ki, onların nəsli vəhşi təbiətdə tükənsə də, şəxsi kolleksiyalarda, zooparklarda sağ qala bilmişlər. Bu, həm bəxt, həm də illərdir aparılan mühafizə və çoxalma səylərinin nəticəsidir. Bu 5 növdən üçü (Sokorro qumrusu, Havay qarğası və Quam balıqcılı) Sakit okeandakı ada endemləridir: yəni yalnız müəyyən adalarda yaşayan növlər olublar. Digər iki növ isə Braziliyaya xasdır və yalnız oradakı xüsusi mühitdə mövcud idilər.

Bu 5 növdən ikisi (quam balıqçılı və mavi ara tutuquşusu) üçün artıq təbiətə qaytarılma (reintroduksiya) layihələri başlayıb. Və sevindirici haldır ki, bu layihələr qismən uğurla nəticələnib. Mavi aralar artıq təbiətdə nəsil artırmağa başlayıblar. Bu, təbiətin bizə verdiyi ikinci bir şans kimi qiymətləndirilə bilər.

Mənim şəxsi ümidim odur ki, bu növlərin hər biri bir gün yenidən vəhşi təbiətə dönə biləcək. Prinsipcə, bizdə də bənzər bir bərpa mümkün görünür. Məsələn, Azərbaycanda nəsli tükənmiş hesab edilən ağ durnanın şərq populyasiyası artmaqdadır. Əgər güclü siyasi iradə, cəmiyyət dəstəyi və düzgün strategiya olsa, bu növü yenidən ölkəmizdə və ümumiyyətlə, qərbi Palearktikdə bərpa etmək mümkündür. Çünki əsas olan istəkdir. Təbiət isə hər zaman bizimlə əməkdaşlığa hazırdır, sadəcə biz ilk addım atmalıyıq…


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading