Məni tanıyanların bildiyi kimi mən bir quş müşahidəçisiyəm. Ölkəmizdə bu hobi (özfəaliyyət) növü çox bilinməsə də Qərbdə (xüsusən Amerikada) geniş yayılıb, milyonlarla insanı birləşdirir. İndi isə bu hobiyə yeni başlayanlar üçün qısa bir bələdçi hazırlamaq qərarına gəldim.
İlk öncə ondan başlayaq ki, quşlara baxmaq üçün xüsusi avadanlıq, böyük bilik və ya uzun təcrübə lazım deyil. Əslində, ən vacib olan şey yavaşlamaq və baxmağı öyrənməkdir! Çünki quşlar həmişə yanımızdadır. Biz sadəcə çox vaxt onları “görmürük”.

Haradan başlamaq olar?
Şəhərdə yaşayırsansa problem deyil. Bura üçün idealdır:
- Şəhər parkları
- Kiçik göl və ya gölməçə kənarları
- Dəniz və ya çay sahili
- Şəhərdən kənar kənd qıraqları
Əmin ol ki, baxmağa başladıqca özün kiçik bir parkda belə nə qədər fərqli quş olduğunu gördüyünə təəccüblənəcəksən! Hətta daha yaxşı üsul eyni yeri tez-tez müşahidə etməkdir. Vaxt keçdikcə sən:
- Hansı növün hansı fəsildə gəldiyini
- Havanın davranışa necə təsir etdiyini
- Səsin mənzərəni necə dəyişdirdiyini
görməyə başlayırsan. Buna müşahidəçilər “lokal hissə” deyir, yəni “sənin kiçik müşahidə ərazin”.
Növbəti dəfə hansısa parkdan keçərkən 5 dəqiqə dayanın, neçə fərqli quş gördüyünüzü, neçə fərqli səs eşitdiyinizi saymağa çalışın (səs üçün yaz mövsümü daha idealdır).
Bəs avadanlıq?
Başlanğıc üçün heç nə almağa ehtiyac yoxdur. Amma bir müddət sonra quşları daha aydın görmək üçün binokl (durbin) almaq istəyə bilərsən.

Binoklun üzərindəki yazılar məsələn 8×30 və ya 10×42 iki şeyi göstərir:
| Rəqəm | Mənası | Sadə izah |
|---|---|---|
| Birinci rəqəm (8 və ya 10) | Böyütmə dərəcəsi | Quşu nə qədər yaxın gördüyün |
| İkinci rəqəm (30, 42 və s.) | Obyektiv linzanın diametri (mm) | Linzaya nə qədər işıq düşdüyü, yəni görüntünün parlaqlığı |
Böyütmə (8, 10):
8x daha sabit və istifadəsi rahatdır. 10x daha çox böyüdür, amma titrəmə də artır. 12x və yuxarı böyütmələr quş müşahidəsi üçün çox əlverişli deyil, əl yorulur, görüntü titrəyir.
Obyektiv ölçü (30, 42):
42 mm daha çox işıq qəbul edir, yəni görüntü daha işıqlı və aydın olur. Amma 42 mm-lik binokl 30 mm-ə nisbətən bir az ağırdır.
Əgər ilk binokl alırsansa, ən balanslı və rahat modellər: 8×30, 8×32 və ya 8×42
Niyə? Çünki:
- Uzun müddət boyunda gəzdirmək daha rahatdır
- Titrəmə az olur
- Çox işıq qəbul etdiyi üçün görüntü daha stabil olur
Unutma: Çəki və rahatlıq, böyütmədən daha vacibdir. Bir gün 4-5 saat gəzirsənsə bunu çox yaxşı anlayacaqsan.
Kiçik, amma çox faydalı məsləhət:
Binoklu sadəcə boyun qayışı ilə gəzdirmək çiyinə ağırlıq salır. Harness (bel kəməri) istifadə etsən yük bərabər paylaşılır və çox rahat olur.

Quşları necə tanıyaq?
Bir çox insan elə düşünür ki, quşları tanımaq üçün yüzlərlə növ əzbərləmək lazımdır 🙂 Əslində, tanımaq bacarığı baxmağı hansı detal üzrə etdiyinlə bağlıdır.
Quşa baxanda aşağıdakı dörd şeyə fikir ver:

Ölçü və forma
Quşun böyük, orta, yoxsa kiçik olduğunu dəqiq bilmək çox kömək edir. Məsələn: göyərçin boydadır? Sərçədən böyükdür ya balaca? Uzun ya qısa quyruqludur?

Rəng və naxışlar
Bəzən ümumi rəngdən daha vacib olan naxışdır.
Məs: gözün üzərində qaş xətti (supercillium) varmı? sinəsində zolaqlar varmı? quyruğunun kənarı ağdırmı? Beli nə rəngdir?

Davranış
Bəzi quşlar daim tərpənir (məs: silvilər), bəziləri sakit dayanır (məs: şəfəq bülbülü). Bəzisi yem götürən kimi uzaqlaşır, bəzisi ətrafı müşahidə edir. Bəzisi ağac boyunca hərəkət edir, bəziləri ağacdan ağaca. Davranış çox şeyi deyir.

Səs
Başlanğıcda çətin görünür, amma zamanla səs ən güclü tanıma üsuluna çevrilir.
Xüsusən yaz-yayda oxuyan hər quşun nəğməsini öyrənə bilsən sən bir yox 5-0 öndəsən! Qorxma, bu zamanla alışılan məsələdir.
Hansı resurslar var?
İlk vaxtlar kitab və tətbiqlər çox dəstək olur. Bir neçə praktik nümunələr:
| Ad | Nə edir | Niyə faydalıdır |
|---|---|---|
| eBird (tətbiq) | Müşahidələri qeyd edirsən və xəritədə növlərin harada göründüyünü görürsən | Harada hansı quşu axtarmaq lazım olduğunu öyrənirsən (hazırda çoxlu növün adını və tətbiqin bir qismini mən sənin üçün Azərbaycan dilinə tərcümə etmişəm!) |
| Merlin Bird ID (tətbiq) | Şəkil və səs ilə növ tanımağa kömək edir | Başlanğıc üçün ən rahat alətlərdən biridir! Amma diqqətli ol, bəzən o da yanıla bilər! |
| Birds of the World (BOW) (web səhifə) | Dünyadakı bütün quş növləri barədə ən geniş ensklopedik baza! | Hal-hazırda Azərbaycanlılar üçün pulsuz istifadə hüququ verilir! |
| Xeno-Canto (web səhifə) | Dünyanın quş səslərinin bazası | Səslə tanıma üçün əla platformadır. Demək olar axtardığın bütün növlərin səsini tapa bilərsən |
| Collins Bird Guide (kitab və ya tətbiq) | Avropadakı (və ölkəmizdəki) növlər üçün ən yaxşı ərazi kitabçası | Dəqiq təsvir və xəritə üstünlüyü |
Ölkəmizdə olan quş növləri barədə bu bloqda bir neçə praktiki yazı da bölüşmüşəm: siyahı və şəkillərlə (gec açıla bilər)!
Sabah üçün kiçik praktik tapşırıq:
Parkdan keçəndə 1 dəqiqə dayan və sadəcə bunu et: Bir quş seç və onu 10 saniyə izləyib 3 detal yadında saxlağa çalış!
Məsələn:
“Sərçədən kiçik, ağ-qara idi və quyruğunu tez-tez tərpədirdi.”
Təbriklər! Sən artıq ağ çaydaçapanı (Motacilla alba) müşahidə edərək siyahına əlavə edə bilərsən! İndi isə dah detalları düşün. O, su qırağında idi yoxsa ağacda? Hər hansı səs çıxarmışdı? Əgər səs çıxarmışdısa səsi nəyə bənzəyirdi? Sən onun haqqında əlavə məlumat (fotolar, yayıldığı ərazi, hətta səsləri) üçün eBird və ya Merlin tətbiqində baxdın?

Bəs səncə o bu adı niyə alıb? Sən müşahidə edəndə də quyruğunu yuxarı-aşağı sallayırdı? Bu at belində çapan birinin xalatına bənzəyir???
Resurslardan niyə istifadə etməliyik?
Quş müşahidəsi sadəcə “gördüm, keçdim” deyil. Zamanla sən müşahidələrini anlamağa başlayırsan. Yəni quşları yalnız görmək yox, məkan, zaman və davranış kontekstində görürsən. Resurslar bunun üçün lazımdır!
Necə?
Deyək növbəti dəfə bir parkda gəzirsən və qarşına qəhvəyi kiçik bir quş çıxdı. Onu tanımadın. Normaldır. Amma sual budur:
Bu quş burada adi görünən növdür, yoxsa nadir qonaqdır?
İndi təsəvvür et ki, bunu bilmək üçün sənə cəmi bir neçə məlumat (yuxarıdakı resurslardan) lazımdır:
- Ərazidə hansı növlərin davamlı göründüyü
- Hansı fəsilə görə köçəri növlərin hansı olduğu
- Hansı növlərin nadir olduğu
- Hətta hansı günlərdə və harada daha çox görüldüyü
Bu artıq “şans” deyil, strateji müşahidədir.
UNUTMA: Daha çox müşahidə ilə daha çox təcrübə qazanacaqsan! Sadəcə başlamaq lazımdır! Əgər hər hansı sualın yaranarsa çəkinmə bu yazıya şərh yaz və mən cavablandırım!
Leave a Reply to SabinaCancel reply