Bu həftənin quşu şəhər parklarının və bağların kiçik sakinlərindən biri olan şəfəq bülbülüdür (lat. Erithacus rubecula). Balaca bədəni, qırmızımtıl sinəsi və sakit baxışı ilə çoxlarına tanışdır, amma adını deməkdə çətinlik çəkirlər. O, səhərin sakit anlarında budaqlar arasında tərpənərkən və ya qış bağçalarında yem axtararkən insanın diqqətini çəkir.

Xatırladım ki, bu seriyanın məqsədi hər həftə bir quş növünü oxucuya tanıtmaq, onun davranışını, ekologiyasını və insanla münasibətini göstərməkdir.

© Hilary Burn/BOW

Ölçüləri çox kiçikdir. Uzunluğu təxminən 14-15 santimetr, çəkisi isə 20 qrama qədərdir. Kiçik cüssəsinə baxmayaraq çox enerjili və çevikdir. Həşəratlarla qidalanmağa uyğunlaşmış həzm sistemi onun əsas qidasını təşkil edir. Yazda və yayda tırtıllar, böcəklər və onların sürfələri, qışda isə müxtəlif giləmeyvə və toxumlar ilə qidalanır. Bu balanslı qidalanma ona həm şəhərdə, həm də təbiətdə rahat yaşamağa imkan verir.

Daha az parlaq rəngləri olan gənc şəfəq bülbülü digər növlərlə səhv salına bilər

Şəfəq bülbülü Azərbaycanda ilboyu rast gəlinir, amma payız və qış aylarında şəhər ətrafında, park və bağlarda daha çox görünür. Budaqdan budağa cingildəyərək tərpənməsi, torpaq üzərində qısa gedişləri və kiçik həşərat axtarışı onu müşahidə üçün maraqlı edir. İnsan mühitinə yaxınlaşmaqdan çəkinmir və bəzən elə yaxın gəlir ki, yerdə hərəkətini diqqətlə izləmək olur. Maraqlıdır ki, bəzilərinə görə bu davranışa səbəb bizi də otyeyən heyvanlar kimi görməsidir. Təbiətdə qidanın azaldığı qış aylarında şəfəq bülbülləri meşədə qidalanan otyeyənləri (məsələn qaban və ya cüyür) yaxından təqib edir ki, onların (xüsusən qabanların) eşərək qarın altından çıxardığı torpaqdakı canlıları (məsələn, soxulcan) yeyə bilsin.

Azərbaycanda şəfəq bülbülünün iki yarımnövü qeydə alınmışdır. Daha geniş yayılmış Qafqaz yarımnövü (E.r.caucasicus) və daha uzun dimdikli və quyruq üstü lələkləri qırmızımtıl olan Hirkan yarımnövü (E.r hyrcanus). Lakin bəzi fərdləri bir-birindən ayırmaq mümkün deyil.

Qızılı quyruqüstünə görə seçilən Hirkan yarımnövü

Şəfəq bülbülünün səsi hər zaman diqqəti çəkir. Qısa və cingiltini xatırladan melodik çağırışlar budaqlar arasında tez-tez eşidilir. Yazın əvvəllərində daha melodik və ardıcıl olur. Bu cingiltilər həm ərazi siqnalı, həm də ünsiyyət üçün istifadə olunur. Maraqldır ki, bu növ il boyu oxuyur, hətta çox vaxt qışda belə!

Şəfəq bülbülü çoxlu yumurta qoymaqla tanınır. Bir mövsümdə 6-8, bəzən on 12 qoya bilər. Bu yumurta bolluğu populyasiyanı dəyişən hava şəraitinə qarşı qoruyur.

Şəhərdə onun kiçik melodik varlığını görmək və eşitmək üçün parklar, bağlar və budaqlı küçə ağacları kifayətdir. Bir neçə saniyə baxmaq belə insanın ruhunu canlandırır və şəhərin içində təbiətə kiçik bir pəncərə açır.

Şəfəq bülbülünün nəğməsi

Növbəti həftənin quşu isə yenə fərqli hekayə ilə qarşımıza çıxacaq.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading