Azərbaycanda hazırda icra olunan iri ekoloji layihələrdən biri də zubrların təbiətə reintroduksiyasıdır. Reintroduksiya və ya növlərin yenidən məskunlaşdırılması heyvan və ya bitki növünün əraziyə qaytarılması prosesidir. Zubr (lat. Bos bonasus) boşbuynuzlular fəsiləsindən bədəninin uzunluğu 3,3 m, hündürlüyü 2,1 m, kütləsi 1 tona qədər olan, rəngi tünd-qəhvəyi məməli növüdür (ETSN 2023). O, Avropa bizonu və meşə kəli kimi adlarla da tanınır.
Təkamül baxımından “qarışıq” mənşəli nəhəng
Zubr sadəcə iri məməli deyil, həm də təkamül biologiyası üçün çox maraqlı nümunədir. Genetik araşdırmalar göstərir ki, bu növ təxminən 120–100 min il əvvəl buz dövründə yaşamış çöl bizonu (Bison priscus) ilə ibtidai öküz (Bos primigenius) arasında qədim hibridləşmə nəticəsində formalaşıb. Başqa sözlə, zubr tək bir əcdaddan deyil, müxtəlif iri ot yeyənlərin genetik qarışığından yaranmış növdür. Bu proses Avropada son buz dövrü (Weichselian glacial period) zamanı baş vermiş və növün təkamülündə mürəkkəb gen axınına səbəb olmuşdur.


Zubrun vəhşi təbiətdə nəsli tükənməmişdən əvvəl iki yarımnövü mövcud idi: Avropada yaşayan düzənlik zubru (Bos bonasus bonasus) və Qafqaz dağlarında yaşamış Qafqaz zubru (Bos bonasus caucasicus). Maraqlıdır ki, oxşar bir paraleli Amerika bizonunda da görmək mümkündür. Orada da iki yarımnöv mövcuddur: düzənlikdə yaşayan Amerika çöl bizonu (Bison bison bison) və dağlarda yaşayan Amerika meşə bizonu (Bison bison athabasca), və onlar hələ də təbiətdə sağ qalmaqdadır.

Azərbaycan ərazisində zubrların mövcudluğu ilə bağlı tarixi faktlar, demək olar ki, mövcud deyil. Tarix salnaməçisi Rəşidəddin 1301-1302-ci illərdə Talış dağlarında Qazan xanın ovunu təsvir edərkən, qeyd edirdi: “Bundan sonra döyüşçülər toplaşaraq dağ kəlləri, cüyürləri, çöl keçisi və eşşəkləri, çaqqal, tülkü, canavar kimi ov heyvanlarını qovdular” (Vereshchagin 1967). Burda adı çəkilən dağ kəlinin zubr olduğu ehtimal olunur. Bənzər şəkildə 1830-cu illərdə Azərbaycan ərazisinə səyahət etmiş fransız təbiətşünas Edvard Menetries də öz əsərində (Qafqaza və İran sərhədlərinə səyahət zamanı toplanmış zooloji obyektlərin kataloqu, 1832) Lənkəranda “vəhşi öküzlərə” rast gəlindiyindən yazır.

Rus zooloq Vereşaqinin fikrincə, Elbrus və Talış meşələrində zubrların nəsli 18-19-cu əsrlərdə tükənib və onlar yalnız Şimali Qafqazda sağ qala bilib, 1890-cu ildə sayları 500-700 baş olmuşdur (Vereshchagin 1967). 1919-cu ildə, ehtimal ki, inəklərdən keçən bir xəstəlik nəticəsində, demək olar, Qafqazda bütün zubrlar tələf olmuş və 1920-ci ildə cəmi 50 baş zubr qalmışdı. 1926-cı ildə Alous dağı ətrafında (Krasnodar diyarı) 3 zubrun ovlanması ilə onların təbiətdə nəsli tükənir!


Lakin, 1907-ci ilin mayında Abaqo otlaqları yaxınlığında (Adıge Respublikası) bir zubr buzovu tutulur. Bu buzov əvvəl Kuban Ov İdarəsinə, sonra isə hazırda Polşa və Belarus sərhədində yerləşən məşhur Belovejskaya Puşça Milli Parkına aparılır.
Bu erkək zubra Qafqaz (Kaukasus) adı verilir. O, Avropa Bizonunun Şəcərə Kitabında 100 nömrəli heyvan kimi qeyd olunub. Maraqlısı budur ki, o, bilinən son Qafqaz zubru hesab olunur. Daha sonra məşhur vəhşi heyvan alverçisi Karl Haqenbek tərəfindən alınaraq Hamburqa aparılır və 1925-ci ilə qədər orada yaşayır.

Hazırda Avropada yenidən təbiətə buraxılan bütün zubrlar cəmi 12 fərddən törəyib: 11 düzənlik zubru (B.b.bonasus) və 1 Qafqaz zubru (məhz həmin Qafqaz adlı erkək). Hətta bügun sayları 12 mindən çox olan zubrların genlərinin təxminən 80%-i yalnız iki fərddən gəlir. Bu, böyük məməlilər arasında ən güclü genetik daralma nümunələrindən biridir. Yəni əslində zubrlar xəstəliklərə qarşı çox təhlükədədirlər.

Qafqaz adlı erkək düzənlik zubrları ilə cütləşdirilərək 4 dişi və 3 erkək bala verir və bununla yeni genetik xətt yaranır: LC (Lowland x Caucasus, yəni düzənlik-Qafqaz zubru qarışığı). Genetik xəttlərin qarışmaması üçün isə inanılmaz dərəcədə detallı iş görülüb. Bu erkəyin ilkin genetik töhfəsi 10% hesab edilsə də günümüzdə hibridləşmə ucbatından təxminən 6%-ə düşüb. Bu gün Azərbaycana gətirilən zubrlar da məhz həmin düzənlik-Qafqaz (LC) genetik xəttinə aid fərdlərdir.

Bonus: 1979-cu ildə alimlər Alaska tundrasında 55 000 yaşlı çöl bizonunun mumiyalanmış cəsədini tapdılar. Maraqlısı odur ki, tapıldıqdan dərhal sonra cəsədin boyun nahiyəsindən bir parça kəsildi və alimlər bişirərək əti yedilər! Cəsədin arxa tərəfindəki caynaq izləri və dəridəki diş deşilmələri, bizonun nəsli tükənmiş Amerika aslanı (Panthera leoatrox) tərəfindən öldürüldüyünü göstərir.

Leave a Reply