Quşlar haqqında ən məşhur təsəvvürlərdən biri onların sədaqəti ilə bağlıdır. Xüsusilə də ömür boyu eyni yoldaşla qalan quşlar romantik münasibətlərin təbiətdəki simvolu kimi təqdim edilir. İnsanlar uzun illər bəzi növləri, xüsusilə qu quşlarını, saf sədaqətin nümunəsi hesab ediblər. Təsəvvür belədir: iki qu quşu bir dəfə cütləşir, ömürlərinin sonuna qədər birlikdə qalır və əgər biri ölərsə, digəri də “qırılmış ürək”lə yaşayır. Hətta bu barədə filmlər çəkilir… Bu yaxınlarda da 9-cu ANİMAFİLM festivalında da belə bir animasiya olduğunu öyrəndim. Nə qədər poetik səslənir. Amma elm bu hekayəyə bir qədər fərqli baxır.

Bəli, bir çox quş növü sosial baxımdan monoqamdır. Yəni birlikdə yuva qurur, yumurtaları qoruyur və balaları böyüdürlər. Elə götürək yuxarıda boyunları ilə ürək düzəldən fısıldayan quları… Onlar adətən cinsi yetkinliyə çatmazdan əvvəl cütlük bağları əmələ gətirirlər. Erkək və dişi bir-birini ikinci qışlarından (bir yaş yarımında) tanımağa başlayırlar,lakin üç yaşına çatana qədər çoxalmağa başlamırlar.
Amma bu, genetik monoqamiya demək deyil!
DNT analizləri ilə aparılan araşdırmalar göstərdi ki, quşların təxminən 90%-i sosial monoqam hesab olunsa da, onların böyük hissəsində “cütlükdənkənar valideynlik” müşahidə olunur. Bəzi araşdırmalara görə quş növlərinin 76%-ə qədərində [1] ən azı balaların bir hissəsi əsas cütlükdəki erkəkdən olmur.
Qu quşları da istisna deyil. Avstraliyada qara qu quşları üzərində aparılmış araşdırma [2] göstərdi ki, təxminən hər altı baladan biri (təxminən 16–17%) cütlüyün erkəyindən deyil. Yəni görünən sədaqət hər zaman genetik sədaqət demək deyil.
Və bu siyahı olduqca uzundur:
• Albatroslar uzun illər “əbədi sevginin” simvolu hesab olunurdu, lakin bəzi növlərdə əlavə cütləşmələr qeydə alınıb.

• Durnalar çox vaxt ömürlük cütlüklər yaradır, amma uğursuz çoxalma mövsümündən sonra tərəfdaş dəyişə bilirlər.
• Göyərçinlərdə və sərçəkimilərdə əlavə cütləşmə nisbəti bəzi populyasiyalarda 30–40%-ə çata bilir [3] .
• Hətta bəzi qaranquş növlərində bu göstərici 50%-dən yuxarı ola bilir [1].
Maraqlısı budur ki, bunu yalnız erkəklər etmir. Bir çox növdə dişilər də əlavə cütləşmələrə gedirlər. Təkamül baxımından bunun səbəbi sadədir: daha müxtəlif və daha güclü genetik xüsusiyyətlərə malik nəsil əldə etmək şansını artırmaq.
Bu həm də “boşanmaların” təbiətdə olduğunu göstərir. Məsələn, bəzi dəniz quşlarında və qu quşlarında yuvalama uğursuz olduqda cütlüklərin ayrılma ehtimalı artır. Təbiətdə münasibətlərin uğuru hisslərlə deyil, nə qədər uğurlu nəsil yetişdirə bilməklə ölçülür.
Yalnız azsaylı quş növləri (məsələn bəzi qartal növləri) genetik olaraq da monoqam olur və cütlükdən kənar bala faizi çox az (0-2%) təşkil edir.

Bəlkə də ən maraqlı hissə budur: problem quşlarda deyil, bizim gözləntilərimizdədir. Biz çox vaxt heyvanlara insan xüsusiyyətləri yükləyirik (klassik antropomorfizm nümunəsi). Qu quşlarını sevginin və sədaqətin simvoluna çevirmişik. Halbuki təbiətin öz qaydaları var və onlar romantikadan daha çox yaşamaq və nəsli davam etdirmək üzərində qurulub…
Mənbələr
[1] Brouwer & Griffith (2019) – Extra-pair paternity in birds
[2] Kraaijeveld K. et al. (2004). Genetic monogamy in Black Swans?
[3] Westneat D.F., Sherman P.W. (1997). Density and extra-pair fertilizations in birds: a comparative analysis.
Leave a Reply