Taksonomiyaya marağı olan hər bir zooloq son illərdə Cənubi Qafqazda baş verən ən mühüm hadisələrdən birinə diqqət yetirməlidir: Gürcüstandakı Qafqaz DNA barkodlaşdırma layihəsi.

Bəs DNA barkodlaşdırması nədir? Sadə dillə desək, alimlər növlərin genetik “ştrix-kodunu” oxuyurlar və həmin kodu başqa nümunələrlə müqayisə edirlər. Bunun üçün əsasən COI adlı mitoxondrial gen istifadə olunub. Alınan nəticələr beynəlxalq BOLD və NCBI bazaları ilə müqayisə edilib. Söhbət sadəcə yeni bir siyahının hazırlanmasından getmir. Söhbət regionun biomüxtəlifliyinə müasir molekulyar yanaşma ilə yenidən baxmaqdan gedir.
Düzünü desəm, bu yazını bir az da qısqanclıq hissi ilə yazıram. Çünki gürcü alimlər hazırda Cənubi Qafqaz zoologiyasında çox ölkənin hələ başlamadığı işi görürlər.
Bir neçə il əvvəl bu layihə haqqında eşidəndə dəstək məktubu yazmışdıq. Azərbaycanlı zooloqlarla əlaqələndirməyə, hətta ehtiyac olarsa Cənubi Qafqazın ən unikal nümunələrinin (məsələn Talış dağlarının endem taksonları) toplanmasına kömək etməyə hazır olduğumuzu bildirmişdik. Təəssüf ki, qarşı tərəf buna maraq göstərmədi. Bunun səbəbləri ayrıca müzakirə mövzusudur. Lakin nəticə dəyişmir: layihə həyata keçirildi və ortaya çox ciddi elmi məhsul çıxdı.
Mənim də bir dəfə məqalə dərc etdiyim CAUCASIANA Jurnalında (İliya Dövlət Universitetinin) çox geniş, DNT Barkodlaşdırma Məlumatları və Taksonomik Qeydlərlə birlikdə Gürcüstanın Amfibiya və Sürünənlərinin Annotasiya Edilmiş Siyahısı başlığı ilə məqalə dərc olunub.
Bu işi fərqləndirən nədir?
Məqaləyə baxanda ilk diqqətimi çəkən məqam onun sadəcə “növ siyahısı” olmaması oldu. Müəlliflər Gürcüstanda yaşayan bütün suda-quruda yaşayan (amfibiya) və sürünən növlərini bir yerə toplayıb, hər növ haqqında yayılış, taksonomik status və genetik məlumat veriblər. Bu, əslində ölkənin biomüxtəlifliyi üçün müasir pasport kimidir.
Məqaləyə görə Gürcüstanda 12 amfibiya və 56 sürünən növü, yəni ümumilikdə 68 növ qeydə alınıb. Qafqaz endemiklərinin payı kifayət qədər yüksəkdir. Bu da Gürcüstanın Avropa, Anadolu və İran-Turan faunalarının kəsişməsində yerləşməsi ilə bağlıdır.
Məqalənin ən güclü tərəfi müəlliflərin taksonomik yanaşmasıdır. Onlar növləri sadəcə “qəbul edildi” və ya “rədd edildi” kimi təqdim etmirlər. Hər takson aşağıdakı kateqoriyalardan birinə yerləşdirilir:
- Bioloji cəhətdən təsdiqlənmiş növ – yaxın qohumu ilə simpatrik və ya parapatrik şəraitdə növün diaqnostik əlamətləri qorunursa, yaxud uzunmüddətli təkamül ayrılığı və aydın fenotipik fərqlər mövcuddursa;
- Kandidat növ – genetik və fenotipik fərqlər var, lakin təmas zonası öyrənilməyib və ya ayrılma müddəti nisbətən qısadır;
- Rədd edilmiş takson – sabit morfoloji və genetik fərqlərin olmadığı göstərilib.
Ən vacib məqam isə budur ki, müəlliflər yalnız genetik məsafəyə əsaslanmırlar. Onlar açıq şəkildə vurğulayırlar ki, mtDNA fərqi təxminən 9–10% və ya daha yüksək olmadıqca genetik məsafə təkbaşına növ statusu üçün kifayət sayılmır. 4–6% fərq potensial ayrılığı göstərə bilər, lakin bu, təmas zonasında soy xətlərinin birləşməyəcəyinə zəmanət vermir.
Bu, əslində inteqrativ taksonomiyanın klassik nümunəsidir: molekulyar məlumat + morfologiya + coğrafiya + reproduktiv əlaqələr birlikdə qiymətləndirilir.
Maraqlı nəticələr
Məsələn, biçimli ilanbaş kərtənkələnin (Ophisops elegans) Gürcüstan və Çində olan populyasiyaları arasında təxminən 11.9%, uzunayaq ssinkdə (Eumeces schneiderii) Gürcüstan və Türkiyə nümunələrində 10.4%, cəld kərtənkələcikdə (Eremias velox) Gürcüstan və Türkiyə nümunələrində isə 8.4% genetik fərq tapılıb. Bənzər şəkildə zeytuni təlxənin (Platyceps najadum) Gürcüstan və Ermənistandan olan nümunələrindən birində 6.65% genetik fərq aşkarlanıb. Bu qədər yüksək fərqlər bəzi qruplarda gizli növlərin ola biləcəyini düşündürür.
Amma işin maraqlı tərəfi budur ki, bəzi formal olaraq ayrı növlər arasında fərq çox azdır. Qafqaz quru qurbağası (Bufo verrucosissimus) ilə Avropakı quru qurbağa (Bufo bufo) arasında fərq 3%-dən azdır. Geniş coğrafi fərqə baxmayaraq, Gürcüstandakı ağac qurbağası (Hyla orientalis) ilə İberiya ağac qurbağası (H. molleri) arasındakı fərqlər cəmi 4,3%, Gürcüstandakı bataqlıq tısbağası (Emys orbicularis) ilə Siciliyadakı endemik bataqlıq tısbağası (E. trinacris) arasında fərq cəmi 1.6%-dir. İrəvan gürzəsi (Vipera renardi erivanensis) ilə Mərkəzi Asiyadakı şərq gürzəsi (V. renardi) arasında isə fərq 1.8% olduğuna görə müəlliflər onu ayrıca növ deyil, yarımnöv kimi qəbul edirlər. Yəni layihənin məqsədi mümkün qədər çox yeni növ tapmaq deyil, mövcud taksonomiyanı düzgün qiymətləndirməkdir.
Məqalədə xüsusi qeyd olunan başqa bir məqam Qafqazda gizli biomüxtəlifliyin mövcud ola bilməsidir. Dağ silsilələri, dərin vadilər və uzunmüddətli iqlim sığınacaqları populyasiyaların uzun müddət bir-birindən ayrı qalmasına səbəb olub. Bu səbəbdən eyni ad altında bir neçə fərqli təkamül xətti gizlənə bilər.
Bu nəticələr göstərir ki, layihənin məqsədi “nə qədər çox yeni növ tapsaq, bir o qədər yaxşıdır” deyil. Əksinə, həddindən artıq parçalanmış taksonomiyanı yenidən yoxlamaq və həqiqi təkamül vahidlərini müəyyən etməkdir.
Açıq məlumat bazalarının rolu
Məqalədə BOLD və NCBI bazaları ilə müqayisə zamanı region üzrə ciddi məlumat boşluqları aşkar edilir. Müəlliflər hansı qrupların gələcək filogenetik və taksonomik tədqiqatlar üçün prioritet olduğunu açıq şəkildə göstərirlər. Bu yanaşma tədqiqat strategiyasını təsadüfi deyil, məlumat əsaslı edir.
Azərbaycan üçün nə deməkdir?
Bu yazını oxuyanda istər-istəməz sual yaranır: biz niyə belə iş görə bilmirik? Azərbaycan Cənubi Qafqazın ən müxtəlif landşaftlarına malik ölkələrdən biridir. Lakin biomüxtəlifliyin böyük hissəsi hələ də sistemli molekulyar inventarizasiyadan keçməyib. Yəni ölkəmizdəki zooloji kolleksiyalarda “çürüməkdə olan” yüzlərlə nümunə var amma onların böyük əksəriyyətinin hələ ki, DNA Barkodu yoxdur. Halbuki Azərbaycan da Qafqazın ən müxtəlif təbiət zonalarına malik ölkələrindən biridir və əminəm ki, kolleksiyalarda neçə gizlin nəticələr yatır…
Açıq danışaq: belə layihələr təkcə laboratoriya avadanlığı ilə yaranmır. Uzunmüddətli planlaşdırma, kolleksiya idarəçiliyi, açıq məlumat siyasəti, regional əməkdaşlıq və davamlı maliyyələşmə tələb edir.
Nəticə
Bu məqalə mənə bir şeyi yenidən xatırlatdı: müasir zoologiya artıq yalnız muzey kolleksiyası və morfologiya deyil. Müasir zoologiya genomika, açıq məlumat bazaları, bioinformatika və regional əməkdaşlıq üzərində qurulur. Kim bu transformasiyaya uyğunlaşacaqsa, Cənubi Qafqazın gələcək biomüxtəliflik xəritəsini də o formalaşdıracaq.
Gürcüstanın bu işi region üçün ciddi elmi çağırışdır. Ümid edirəm ki, biz bunu təkcə qısqanclıqla deyil, həm də motivasiya ilə oxuyacağıq.
Mənbə: Tarkhnishvili et al. (2026). An Annotated Checklist of the Amphibians and Reptiles of Georgia with DNA Barcoding Data and Taxonomic Remarks. Caucasiana 5:59–138. DOI: 10.3897/caucasiana.5.e189214
Leave a Reply