Son günlər Azərbaycanın müxtəlif bölgələrində eyni sual səslənir: “Bu qədər çəyirtkə haradan çıxdı?”
Əslində, onlar birdən-birə meydana çıxmayıb. Biz sadəcə təbiətdə aylar əvvəl başlayan bir prosesin son mərhələsini görürük.
Bu il yaz aylarında yağıntının bol olması torpaqda qışlayan yumurtaların sağqalma faizini artırdı. Ardınca inkişaf edən zəngin ot örtüyü sürfələr üçün ideal qida bazası yaratdı. Nəticədə populyasiya sürətlə böyüdü və bu gün artıq yetkin fərdlər göz önündədir.
FAO-nun Qafqaz və Mərkəzi Asiya üzrə Locust Watch proqramına görə, region üçün iqtisadi baxımdan ən təhlükəli növlərdən biri Mərakeş çəyirtkəsidir (Dociostaurus maroccanus). Azərbaycan da bu növün təbii yayılma arealına daxildir və ölkədə onun daimi çoxalma sahələri mövcuddur.

Adına baxmayaraq, Mərakeş çəyirtkəsi yalnız Şimali Afrikada yaşamır. Onun arealı İber yarımadasından başlayaraq Qafqaz, Anadolu, Yaxın Şərq və Mərkəzi Asiyaya qədər uzanır. Növ əsasən quraq otlaqlarda, bozqırlarda və dağətəyi ərazilərdə yaşayır. Məhz buna görə Azərbaycanın bir çox rayonu onun üçün əlverişli yaşayış mühitidir.
Bu növ ildə cəmi bir nəsil verir. Yumurtalarını torpaqda kapsul şəklində qışladır. Yazda temperatur və torpaq rütubəti uyğun olduqda sürfələr eyni vaxtda çıxmağa başlayır. Əgər həmin dövrdə yağıntı kifayət qədər olarsa və bitki örtüyü yaxşı inkişaf edərsə, populyasiya qısa müddətdə dəfələrlə arta bilir. Bu il müşahidə etdiyimiz mənzərə də məhz bu bioloji prosesin nəticəsidir.
FAO məhz buna görə mübarizənin əsasını pestisidlər deyil, erkən monitorinq hesab edir. Çünki yumurta sahələri və sürfələr vaxtında aşkar edilərsə, həm ekoloji, həm də iqtisadi baxımdan daha az müdaxilə ilə populyasiyanı nəzarətdə saxlamaq mümkündür. Yetkin fərdlər uçmağa başladıqdan sonra mübarizə həm daha baha başa gəlir, həm də effektivliyi azalır.
Qafqaz regionunda digər iki iqtisadi əhəmiyyətli növ də izlənilir: İtaliya çəyirtkəsi (Calliptamus italicus) və köçəri çəyirtkə (Locusta migratoria).


Köçəri çəyirtkə ilə bağlı isə biologiyanın ən maraqlı hadisələrindən biri baş verir. Normal şəraitdə adi çəyirtkə kimi tək yaşayan fərdlər populyasiya sıxlığı artdıqda gregar faza adlanan mərhələyə keçir. Araşdırmalar göstərir ki, bu zaman serotonin səviyyəsinin artması davranışı dəyişdirir. Çəyirtkələrin rəngi, bədən quruluşu və hərəkət tərzi fərqlənir, nəticədə milyonlarla fərddən ibarət nəhəng sürülər formalaşa bilir. Bu, heyvanlar aləmində ən təsirli kollektiv davranış nümunələrindən biri hesab olunur.
Tarix göstərir ki, çəyirtkələr heç vaxt yalnız bioloji problem olmayıb. 1921-ci ildə Azərbaycan Sovnarkomu çəyirtkələrlə mübarizəni rəsmi olaraq “hərbi vəzifə” elan etmişdi. Çünki çəyirtkələr dövlət sərhədlərini tanımırdı. Muğan düzənliyi vahid ekosistem olduğundan mübarizə tədbirləri Azərbaycanla yanaşı İran ərazisində də planlaşdırılırdı.
Lakin bu gün elm başqa istiqamət göstərir.
Çəyirtkələrə qarşı ən dayanıqlı mübarizə üsulu sağlam ekosistemlərdir.
Leyləklər, sığırçınlar, arıquşları, qaratoyuqlar və onlarla digər quş növü çoxalma mövsümündə minlərlə çəyirtkə ilə qidalanır. Onlar təbiətin milyon illər ərzində formalaşdırdığı bioloji nəzarət mexanizminin ayrılmaz hissəsidir. Pestisidlər bəzən qaçılmaz olsa da, onların həddindən artıq istifadəsi təkcə çəyirtkələri deyil, bu təbii müdafiə sistemini də zəiflədə bilir.
Bəlkə də son günlər gördüyümüz çəyirtkələr bizə bir şeyi xatırladır: təbiətdə “qəfil” baş verən hadisələr yoxdur. Hər kütləvi artımın arxasında aylarla davam edən görünməz ekoloji proseslər dayanır. Biz isə onları yalnız nəticə göz önünə çıxanda görürük.
Leave a Reply