Havalar soyuyur. Belə soyuq havalarda ağlımızda “Bu çətin havada küçə heyvanlarını unutmamalıyıq. Onların qidaya və isti yerə ehtiyacları var ” düşüncəsi var. Özüm küçə heyvanlarını bəsləməyi, qayğı göstərməyi sevsəm də olduqca önəmli bir məsləyə toxunmaq istəyirəm. Şirin görünüşləri ilə insanın sevgisini qazanan, yemlənən hətta dərnəklər tərəfindən qorunan bu canlıların ekosistemə zərərləri var desəm… Təbiətsevər və quş müşahidəçisi olaraq sahibsiz küçə heyvannlarının təbiətə zərər verdiyini elmi faktlarla göstərmək istəyirəm.

İlk olaraq bunu bilməlisiniz ki, itlər Canavarın (Canis lupus), pişiklər isə Çöl pişiyinin (Felis lybica) əhilləşdirilməsi ilə əldə olunublar. Buna görə hər ikisi də “atalarının” (canavar və vəhşi pişik) yarımnövü kimi təsnif olunurlar.
Buna görədə itlər və pişiklərdə ovçuluq instinkləri daim mövcuddur. İtlərdə bunu çox müşahidə etməsək də, pişiklər bu bacarıqlarında ustadırlar. Beləki, çölə atılan ev pişiyi çox keçmədən ətrafa uyğunlaşır və özünə qida axtarır, ov edir. Ov olaraq da quşları, kiçik məməliləri (əsasən gəmiricilər), sürünənləri seçirlər. Keçək bəhs etdiyim elmi faktlara…

1) SAHİBSİZ PİŞİKLƏR – İngiltərədə aparılan bi araşdırmaya görə 7,7 milyon pişik hər il 275 milyon canlını öldürür. Bu isə pişik başına ortalama ildə 32 heyvan düşür deməkdir. Araşdırmanın davamı olaraq 964 pişikdən 5 ay müddətində məlumat toplanır və nəticə 14,000-dən çox heyvanın öldürüldüyünü göstərir. Siyahının ilk sıralarında gəmiricilər (tarla siçanı, siçovul və s.) yer alır. Pişiklərin gəmiriciləri öldürmələri bəzilərinin gözündə “fayda” kimi görünə bilər. Amma, təəssüf ki, siyahıda sayı azalmaqda olan quş növləri, dovşan, süleysin, sincab, müxtəlif sürünənlər də yer alır. “Mammal Society” qurumunun prezidenti Stephen Harris hətta evdəki pişikləri belə nəzarətsiz çölə buraxmamağın vacib olduğunu qeyd edir. Çünki, pişiklərin ovlanmaq üçün evlərdən kilometrlərlə uzaqlaşdığı bilinir.

Bu yaxınlarda Avstraliya höküməti 2 milyon pişiyi öldürmə qərarı qəbul edib. Bu qərar sosial medyada qınandı, ləğvi üçün imza toplandı. Nəsli təhlükə altında olan növlər üzərində araşdırmalar aparan Gregory Andrews qeyd edir ki: “Avstraliya torpaqları ümumilikdə 500,000-dən çox növə ev sahibliyi edir. Bunların çoxu endemik olub, nəsli təhlükə altında olan növlərdir. Onları itirsək öz kimliyimizi də itirmiş olarıq. Buna görə bu qərar narazılığa səbəb olsa da, yerində verilmiş doğru qərardır ”. O, həmçinin qeyd edir ki, Avstraliyada ortalama 20 milyon ev pişiyi var ki, hər pişik bir gecə ərzində 20-yə yaxın növü öldürür.

2) SAHİBSİZ İTLƏR – İnsanın ən yaxın dostu hesab edilən itlər sahibləri tərəfindən rədd edildikdə ya geri qayıda bilməsinlər deyə yaşayışdan uzaq yerlərə buraxılır, ya da sığınacaqlara təhvil verilirlər. Sığınacaqlarda sahiblənilməyən itlərin sayı artdıqda isə ya öldürülürlər, ya da təbiətə buraxılırlar. Təbiətdə itlər böyük sürülər əmələ gətirirlər. Bu davranışlarını başa düşmək çox asandır, çünki, vəhşi qohumları olan canavarlar da ovlanmaq, qorunmaq üçün sürü halında gəzirlər.

Təbiətdəki bu sahibsiz itlərin menyusunda dovşan, dələ, gəlincik, quşlar, hətta iri heyvanların (qaban, cüyür və s.) balaları yer tutur. İtlərin vəhşi heyvanların qida obyektlərini məhv etməsindən başqa bir zərəri də birbaşa heyvanların özlərinə zərər verməsidir. Meşə pişiyi (Felis silvestris), Qamışlıq pişiyi (F.chaus) kimi qırmızı kitabda olan növlər itin menyusunda olmasalar da “it-pişik davası”-nın qurbanları olurlar. Hətta, bu yaxınlarda Türkiyədə çəkilən bir videonu izlədim. Videoda 2 “kangal” cinsi it meşədə dişi vaşaq və balalarına hücum edirdilər. Bir digər xəbərdə isə Sinop bölgəsində itlərin əlindən zorla qurtulan yaralı cüyür var idi. Əvvələr qoyun sürülərini qoruyan itlər təbiətə buraxıldıqda sürü halında toplanıb, elə həmin qoyunlara hücum edirlər. Bu hadisələr haqqında şərhi sizlərə buraxıram….

Bir digər məsələ isə bu heyvanların (xüsusən pişiklərin) qızğınlıq dönəmində öz vəhşi həmcinsləri (Felis silvestris, yəni Meşə pişiyi ilə daha çox) ilə cütləşməsidir. Buda hibridlərin (iki növün qarışığı) yaranmasına gətirib çıxarır və vəhşi növlərin gen havuzunu pozmuş olur.
BƏS ÇARƏ NƏDİR ???
Avstraliyada olduğu kimi heyvanların öldürülməsi qərarının çoxlarının ürəyinə yatmayacağına əminəm. Emosional olmağı bir kənara qoyaraq qərar vermək lazımdır. Çünki, tərəzinin bir tərəfində milyonlarla hətta milyardlarla olan sahibsiz heyvanlar, digər tərəfində isə nəsli tükənmə təhlükəsi altında olan heyvanlar var. Bu canlıların beyin və sinir sistemləri bizimki kimi yaxşı inkişaf edib, buda ağrını hiss edə bildikləri mənasına gəlir. Ən sadə və elmin bizə təqdim etdiyi çarə evtanaziyadır (heyvanların qaz vəya iynə ilə, ağrısız öldürülməsi). Amma bu fikrə yaxşı baxmırsınızsa edə biləcəyiniz başqa alternativlər mövcuddur. Məsələn, ev heyvanınızı gəzdirərkən daim nəzarətdə saxlamaq, onları qısırlaşdırmaq, ac saxlamdığınızdan əmin olmaq, pişiklərinizi yalnız xüsusi ərazilərdə gəzmələrinə imkan vermək və ən əsası təbiətə atmamaq. Əgər heyvanınızı artıq istəmirsənizsə sahibləndirin vəya sığınacaqlar verin. Unutmayın insan əli ilə təbiətdə yaşayan heyvanlara təsir göstərmək ekosistemin dayanıqlılığı baxımdan çox böyük problemdir. Xahiş edirəm bu məsələyə biganə qalmayın.
OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR !!!
Məqalənin orjinal müəllifi: Kerem Yayık
Tərcümə və əlavələr: Zülfü Fərəcli
Leave a Reply