Yazıya keçmədən öncə xatırladım ki, bu bloqa sadəcə kofe alaraq dəstək ola bilərsiniz! – https://kofe.al/@zulfuf

Azərbaycan ərazisində 28* növ ilan vardır ki, bunlardan 16-i Zəhərsiz, 5-i Yarızəhərli, 7-si isə Zəhərli olaraq təsnif olunur.(Bu təsnifat zəhər dişlərinin ağızda yeri və formasına görə aparılır – ilk təsvir).
* Bir gürzə növünün (Dinnik gürzəsi) ölkəmizdə mövcudluğu şübhə altında olub, hələ ki, qeydə alınmamış, lakin potensial yayılma əraziləri ilə birgə siyahıya əlavə edilmişdir (beləcə aşağıda qeyd olunmuş ümumi növ sayı 29-dur).
Həmçinin Şərq çöl gürzəsi və bir neçə növ (İrəvan, Talış, və Lotiev gürzələri) arasındakı taksonomik əlaqə (ayrı növ olub-olmadıqları) müxtəlif mənbələr arasında fərqli olub, dərindən araşdırılmalıdır. Bu siyahıda onların hər biri arealları ilə birgə ayrıca qeyd olunmuşdur.
Qeyd: Qarşısında (AzQK) yazılan növlər Azərbaycanın Qırmızı Kitabının sonuncu nəşrinə (2023) daxil edlimiş növlərdir. Növlərin yayılış arealının xəritəsi 2019-cu ildə Rusiya Elmlər Akademiyası tərəfindən dərc olunmuş “Qafqaz ilanları” adlı əsərdən götürülmüşdür.

1) ZƏHƏRSİZ ilanlar tamamən təhlükəsizdirlər və zəhər daşımırlar. Ölkəmizdə yayılan zəhərsiz ilan növləri :
































2) YARIZƏHƏRLİ ilanların zəhəri əsas qidaları olan kiçik canlılar üçün təsirlidir. İnsan və digər iri məməlilər üçün təsirsiz olduğundan dişləmirlər. Həmçinin zəhər dişi ağızın arxa şırımında olduğundan (ilk təsvirdə qırmızı halqada göstərilib) barmağınızı ağzına soxmadıqca sizi zəhərliyə bilməzlər. Amma, dişləmələri bəzi insanlarda allergik reaksiya verə bilər.
Ölkəmizdə yayılan yarızəhərli ilan növləri :










3) ZƏHƏRLİ ilanlar isə Gürzəkimilər (Viperidae) dəstəsinə aid olub, zəhərləri olduqca təhlükəlidir. Zəhərli (gürzələr) və zəhərsiz ilanlar arasındakı fərqlər :


Ölkəmizdə yayılan zəhərli ilanlar (gürzəkimilər) :
















Gürzələr haqqında əlavə məlumatlar:

Əslində gürzələrlə qarşılaşma ehtimalınız çox azdır. Buna səbəb əksər gürzə növünün azsaylı olub, nadir rast gəlinməsidir (xəritələrdən də görə bilərsiniz). Hətta bəzi növlərin təsnifat (taksonomiya) problemləri də tam həll olunmayıb. Məsələn, bəzi mənbələr İrəvan, Şərq, Talış və Lotiev gürzələrini bir növün yarımnövləri/populyasiyaları hesab edirlər (hamısı üstündəki ziqzaqa görə asanlıqla digər ilanlardan seçilir). Beləcə ölkəmizdə gürzə növlərinin sayı cəmi 4-ə düşür.
Ölkəmizdə geniş yayılmış gürzələr:
1) Nəhəng gürzə (Macrovipera lebetina) – Ölkəmizdə ən geniş yayılmış, ən iri və ən təhlükəli hesab olunan gürzədir. Xalq arasında səhvən Qafqaz gürzəsi olaraq da bilinir (əslində Qafqaz gürzəsi ölkəmizdə olmayan növdür). Zəhəri hemotoksik olub, qan və qan-damar sistəminə təsir edir. Lənkəran düzənliyi istisna olmaqla geniş yayılıb. Olduqca iri ölçülü ola bilir (2m-ə qədər, nadir hallarda bir qədər uzun).
2) Adi qalxansifət (Gloydius caucasicus) – Yalnız Lənkəran təbii vilayətində yayılıb. Təhlükədə olduqda zınqırovlu ilan kimi quyruğunu titrətdiyi qeyd olunur. Uzunluğu 70 sm-ə kimi olur. Qalxansifət sancan insan zəhərlənməni ağır keçirsə də ölümlə nəticələnən fakt yoxdur. Görmə qabiliyyətinin müvəqqəti itirilməsi müşayət oluna bilər.
Azsaylı gürzələr :
3) İrəvan gürzəsi (Vipera=Pelias eriwanensis) – Əsasən quraq və daşlı yamaclarda rast gəlinir. Ölçücə kiçik olur (maksimum 50 sm-ə qədər). Boz rəngə olub, üzərində ziq-zaq formalı zolaq vardır. Naxçıvan MR-da, Qarabağda və güman edilir ki, İranla həmsərhəd digər rayonlarda yayılıb.
4) Radde dağ gürzəsi (Montivipera raddei) – Uzunluğu maksimum 80 sm-ə qədər olur. Ölkəmizdə yalnız Naxçıvan MR-da dağlıq ərazilərdə (xüsusən Şahbuz rayonunda) qeydə alınıb. Üzərindəki sarımtıl-narıncı xallarına görə seçilir. Qırmızı Kitaba daxil edilmişdir.
5) Şərq çöl gürzəsi (Vipera=Pelias renardi shemakhensis) – Uzunluğu 55-60 sm-ə qədər olur. Azərbaycanın şimal-şərqində (Şəki-Şamaxı rayonları) yayılıb. Əvvəl ayrıca növ kimi qeyd olunurdu. İnsan üçün zəhəri az təhlükəlidir, ölüm halları qeydə alınmayıb. Qırmızı Kitaba daxil edilmişdir.
6) Lotievi gürzəsi (Vipera=Pelias lotievi) – Azərbaycanda yalnız Quba və Qusar rayonlarında yüxsək dağlıq ərazilərdə (Xınalıq ətrafı) yayılıb. Az rast gəlinən növdür.
7) Talış çöl gürzəsi (Vipera=Pelias (eriwanensis) ebneri) – Azərbaycanda Lerik rayonuna aid bəzi kəndlərdə məhdud ərazidə qeydə alınmışdır. Bəzən İrəvan çöl gürzəsinin yarımnövü hesab olunur.
8) Dinnik gürzəsi (Vipera=Pelias dinniki) – Azərbaycanda Zaqatala qoruğu və ətraf ərazilərdə yayılması ehtimal olunur.
Yuxarıdaki məlumatlardan da görə biləcəyiniz kimi ölkəmizdəki gürzələr əsasən məhdud ərazilərdə yayılıb, hətta bəzilərinin mövcudluğu belə sual altındadır. Yəni ümumilikdə gürzə ilə (nəhəng gürzə istisna) qarşılaşma ehtimalınız azdır. Çox vaxt qarşılaşılan və təəssüf ki, öldürülən ilanlar təhlükəsiz olan zəhərsiz və yarızəhərli olanlardır. Xalq arasında təhlükəsiz bəzi ilanların zəhərli olduğu zənn edilir. Məsələn, qızıl ilanın (qırmızıqarın təlxə) zəhərinin ölümcül olduğu deyilsə də tamamən ZƏHƏRSİZ növdür. Birdə xalq arasında “qılquyruq gürzə” deyimi yayılıb. Yuxarıdakı siyahıdan da görə biləcəyiniz kimi ölkəmizdə belə bir gürzə növü yoxdur və ehtimal ki, təhlükəsiz hansısa növə (bəzəkli təlxə ola bilər) verilən addır. Xalq tərəfindən edilən bir digər səhvlik isə bəzi gürzələrin yatağan adlandırılmasıdır. Halbuki yatağan (Eryx sp.) ZƏHƏRSİZ və slindirik bədən quruluşuna malik bir başqa ilan növüdür (fotodan görə bilərsiniz).
GÜRZƏLƏRİN FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTLƏRİ
Gürzələri digər (təhlükəsiz) ilanlardan ayırmanın müxtəlif üsulları vardır. İnternetdə başın formasının üçbucaq olması qeyd olunsa da bu düzgün məlumat deyil. Əksinə zəhərsiz olan ilan növlərinin bir çoxunun (xüsusən təlxələrin) başı ücbucaq olur. Gürzələrin bədəni daha enli və qısa ölçülü olur. Fikrimcə ən əsas ayırma üsulu quyruğun uzunluğudur. Gürzələrdə quyruq olduqca qısa və küt uclu olur. Zəhərsiz/Yarızəhərli ilanlarda isə quyruq uzun və nazik olur. Məhs buna görə də aid olduqları Suilanları fəsiləsinin latınca adı “qamçı” sözündəndir (uzun quyraqları qamçıya bənzədiyi üçün bu ad verilib). Əlavə olaraq gürzələrin gözü elliptik (şaquli) olub, burunlu göz arasında çuxur (istilik sensoru) yerləşir (İstisna kimi dam ilanının da gözü şaqulidir).
QEYD: Koramal adlanan bu zəhərsiz və ayaqsız kərtənkələlər çox vaxt ilan zənn edilib öldürülürlər. Ümumiyyətlə ilanların da öldürülməsinə qarşıyam. Amma bu ləng kərtənkələlər tez-tez insanların qurbanına çevrilməsi kədərləndirici haldır. Ümid edirəm ki, bu şəkil Sarı və ya zirehli koramalı (Pseudopus apodus) ilanlardan ayırmağa kömək edər. Koramal digər kərtənkələlər kimi xarici qulaq seyvanına və göz qapağına sahibdir. (Hansıki, ilanlar hər ikisindən məhrumdurlar). Ümumilikdə koramal bədən quruluşuna görə də ilandan fərqlənir. Qalın və sərt pulcuqlu gövdəsinin yanınca uzanan nov da ilandan asanlıqla ayrılmasına kömək edir.

Mənim digər araşdırmalarım – https://www.researchgate.net/profile/Zuelfue-Frcli?ev=hdr_xprf&_tp=eyJjb250ZXh0Ijp7ImZpcnN0UGFnZSI6InB1YmxpY2F0aW9uIiwicGFnZSI6InByb2ZpbGUiLCJwcmV2aW91c1BhZ2UiOiJwcm9maWxlIiwicG9zaXRpb24iOiJnbG9iYWxIZWFkZXIifX0
Leave a Reply