Təəssüflər olsun ki, ölkəmizdə bir çox heyvan növü xalq arasında səhv tanınır. Mən də tez-tez rast gəldiyim bu səhvlikləri düzəltmək qərarına gəldim. İlk öncə ən geniş yayılmış səhvliklərdən bir ilə başlayaq. Ölkəmizdə çox insan dələ və sincabın eyni heyvan olduğunu zənn edir, əslində isə bu belə deyil! Bu qarışıqlığın səbəblərindən bir də vaxtilə səhv tərcümə olunmuş rusca ədəbiyyatlardır. Bəzən böyük kütləyə xitab edən qurumlar da bu səhvləri təqdim edərək, problemi düzəltmək yerinə, daha da artırırlar.

Yüz minlərlə izləyicisi olan BBC News Azərbaycanca kanalı sincabı dələ kimi təqdim edir.

Gəlin indi isə dələ və sincabın hansı heyvanlar olduğundan ayrı-ayrılıqda baxaq:

DƏLƏ yırtıcılar (lat. Carnivora) dəstəsinə aid heyvandır. Görünüşcə balaca tülküyə bənzəyir (tülkü kimi uzun sifəti, uzun və qalın quyruğu var). Çox məharətli ovçudur. Qidasını müxtəlif quşlar, kiçik məməlilər (sincab da daxil), həşəratlar, müxtəlif meyvələr və s. təşkil edir. Xalq arasında aladöş, alapars kimi adlarla tanınan dələnin ölkəmizdə iki növü var: Meşə dələsi (lat. Martes martes) və Daşlıq dələsi (lat. Martes foina). Həm də sarıdöş dələ olaraq da bilinən meşə dələsi Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Dələlərin bədən ölçüsü ortalama 50 sm-ə qədər, quyruqları isə 25 sm olur.

Ağacda ov axtaran Sarıdöş dələ (lat. Martes martes)
Ölkəmizdə yayılmış digər dələ növü olan Daşlıq dələsi və ya ağdöş dələ (lat. Martes foina)

Bəzən dələnin özünü də gəlinciklə səhv salırlar. Hazır mövzuya toxunmuşkən onun haqqında da məlumat verim. Gəlincik də dələkimilər (lat. Mustelidae) fəsiləsinə aid yırtıcı heyvandır. Ölkəmizdə gəlinciyin də iki növü yayılmışdır: Adi gəlincik (lat. Mustela nivalis) və qaraquyruq gəlincik (lat. Mustela erminea). Həm də qaqım olaraq da bilinən qaraquyruq gəlincik azsaylı olduğundan Qırmızı Kitaba daxil edilib.

Ölkəmizin ən kiçik yırtıcı məməlisi olan Adi gəlincik (lat. Mustela nivalis)

İndi isə gələk SİNCAB-a. Sincablar isə dələlərdən fərqli olaraq yırıtıclar yox, gəmiricilər (lat. Rodenta) dəstəsinə aid məməlidir. Əsas qidasını fındıq, qoz və müxtəlif toxumlar təşkil edir. Tipik görünüşü olan quyruğuna (arxasına qatlayır) görə seçilir. Sincabların da ölkəmizdə iki növünə rast gəlinir: Qafqaz və ya İran sincabı (lat. Sciurus anomalus) və adi sincab (lat. Sciurus vulgaris). Bunlardan ikincisi, yəni adi sincab gətirilmə növdür və daha çox parklarda, bağlarda rast gəlinir.

Qafqaz və ya İran sincabı (lat. Sciurus anomalus)

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

8 responses

  1. […] Öncəki yazıda ölkəmzidə tez-tez eyni heyvan zənn edilən DƏLƏ və SİNCAB arasındakı fərqlərdən bəhs etmişdim – https://zulfuferecli.wordpress.com/2020/05/20/d%c9%99l%c9%99-yoxsa-sincab/ […]

  2. Salam, Zülfü bəy.

    Gözəl mövzudur. Tam hədəfə vurmusunuz və deyim ki, sadə dil ilə ətraflı bir şəkildə bu fərqi izah eləmisiniz. Sadəcə bir məsələni qeyd edim ki, bu səhvin yaranmasının səbəbini bilmirəm. Əgər səbəb siz deyən kimidirsə, yenə də günah özümüzdədir. Tərcüməyə biz diqqət yetirməliyik. Şəxsən mən bu kimi hallarla uşaqlar üçün hazırlanmış maarifləndirici kitablarda çox rast gəlirəm və bu fərqi göstərmək üçün həmişə Sovet Ensklopediyasına müraciət etmiş olurdum. Uşaqların beyninə yanlış həkk olunma gələcəkdə də onlarda böyük tərəddütlər yaradır və bunun tərsini qəbul etmək müəyyən yaşdan sonra çox çətin olur. Amma sevinirəm ki, artıq bunu latın qrafikası ilə yazılmış bir məlumat kimi başqaları ilə də paylaşa biləcəyəm. Mövzuya toxunmuşkən dələ ilə gəlinciyin də fərqlərini də qeydib şəkillərlə göstərmiş olsaydınız, lap gözəl olardı.

    Hörmətlə,
    Zaur Kərimli

    1. Salam ilk öncə şərhiniz üçün təşəkkürlər! Təəsüflər olsun ki, bu kimi kiçik səhvlər sonrakı nəsilə ötürülür və məsələ böyüyür. Bu yazının məqsədi də o idi, yəni hardansa başlayaraq bu səhvi düzəltmək. Gəlincik məsələsinə gəldikdə, yazıda gəlinciyin fotosunu əlavə etmişəm, ikisi də eyni fəsilədən (dələ və gəlincik) olduğundan bənzərlik çoxdur. Əsas fərq isə gəlincik kiçik olur (dələnin yarısı qədər) və quyruğu qalın deyil.

  3. Salam,
    Həmişə diqqətimi çəkən mövzu olub, Azərbaycan dilini ilk dəfə altı yaşımda öyrənəndən bəri, belə məqamlar məni də narahat edib. 🐿️ Dələ-sincab, 🌲şam-küknar, turac-bəzgək, və s.
    Təşəbbüskarlığınızı alqışlayıram. Ancaq məsələ artıq o yerə çatıb ki, yaxşısı, bu adları dəyişdirməkdir. Çünki artıq insanların alt şüuruna hopub 🐿️dələ və 🌲şam. Uğurlar Sizə.
    P.S. bu arada, gəlincik və dələ şəkilləriniz eyni görsənir 🤭🤭 Rus dilində demək daha rahat olur, Ласка ( gəlincik ) və Куница ( qoyun bu sincab olsun. Hətta mənim dilim gəlmir ki, dələ kimi Gözəl bir adı, bu zibilə deyim 😜🤭🤭 ) . El arasında pars və ya ala-pars da deyirlər, bu zərərverici zibilə

    1. İlk öncə oxuduğunuz və şərh bildirdiyiniz üçün təşəkkürlər. Əslində elmi ədəbiyyatlarda hər şey demək olar düzgün işlənir, sadəcə xalq arasında çaşqınlıq var. Onu da dəyişməklər deyil, məlumatlandırmaqla düzəltmək olar. O ki, qaldı dələ və gəlinciyə, fotolar eyni deyil, sadəcə bu iki canlı eyni fəsilədən (dələkimilər) olduğundan bənzərlikləri çoxdur. Lakin, bir o qədər də fərqləri var (ölçü fərqləri, quyruq forma və uzunluğu və s.). Son fikirinizlə razılaşmıram, çünki “zibil” adlandırdığınız bu növ öz ekosistemində önəmli rola sahibdir. Pars isə əslində bəbirin adıdır, sadəcə bəli bu yırıtıcılara belə də deyirlər (alapars)

  4. Faydalı, səlis məlumata görə təşəkkürlər, məqaləni açıb oxuyandan hələ inana bilmirəm ki bizdə belə səlis və oxunaqlı məqalələr var. Çox vaxt yazılar ya pop-elmi tərzdə olur, ya da qəliz və oxunaqlı olmur, hər iki halda isə mütləq səhvlərlə dolu məqalələr olur. Maraqlanma səbəbim də bizim həyətdəki toyuqların ağdöş dələ(yeni məlumata əsasən deyirəm) tərəfindən qanının axıdılıb yeyilməməsidir. Abşeron zonasında bu tip heyvanların olması məni təəccübləndirdi.

    1. oxuduğunuz üçün təşəkkürlər, bloqdakı digər məqalələrə baxmağı unutmayın

  5. […] Öncəki yazıda ölkəmzidə tez-tez eyni heyvan zənn edilən DƏLƏ və SİNCAB arasındakı fərqlərdən bəhs etmişdim – https://zulfuferecli.com/2020/05/20/d%c9%99l%c9%99-yoxsa-sincab/ […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading