Əvvəllər burda yazdığım kimi ölkəmizdə Beşbarmaq darboğazı adlanan yer var ki, köçəri quşlar bu darboğazdan istifadə edərək köç edirlər. Biz də hər il bu quşları saymağa çalışırıq. Bu bloqyazımda da həmin sayımlar çərçivəsində qarşımıza çıxan maraqlı anları, növləri bölüşmək istədim:

Sayıma Sentyabrın 1-dən başlamışıq. İsti “dəniz havası” bizi yandırsa da, köç edən növlər qaralan dərimizi unutmağa kömək edir. Bunlar arasında əlbəttə müşahidəçilərin görməyi çox istədiyi növlər var. Məsələn, 14 Sentyabrda 5000-dən çox çöl haçaquyruğunun (lat. Glareola nordmanni) – red. qırmızı kitab növüdür – keçdiyi anlar şanslı müşahidəçilər üçün unudulmaz olaraq qalacaq.

Nəhəng Çöl haçaquyruğu dəstəsi köç edərkən.

Əlbəttə digər bəzi növlər də bizi sevindiridi, məsələn, 10 sentyabrda 4000-ə yaxın boz vağ və 1457 Kürən vağ (qırmızı kitab növü) stansiyamızdan keçmişdi. Amma, bütün müşahidələr sevindirici deyildi, məsələn kürən vağlardan birinin fotosu onu göstərirdi ki, o hardasa güllə yarası alıbmış. Bir daha ölkəmizdə qanunsuz ovun və ovçuların maarifləndirilməsinin önəmini xatırlayırıq…

Çalma lələklərindəki “qırma izləri” seçilən azsaylı kürən vağ (lat. Ardea purpurea) © Patrick Franke

Bu ilki müşahidələrimiz arasında maraqlı məqamlardan biri də köç edən zığ-zığların sayıdır. Təkcə Sentyabrda 1700, Oktyabrın birinci yarısı isə 1500 zığ-zığ qeydə almışıq, hansı ki, Beşbarmaqda qeydə alınmış maksimum sydır. Gözəl mavi örtük lələklərinə və pis səsinə görə tanınan bu quşlar meşələrin sakini olub meşənin bərpası üçün vacib önəmə sahibdirlər. Stockholmdakı parklardan birində aparılmış bir araşdırmaya görə zığ-zığların meşələri/ağacları bərpa etmə ekosistem xidməti “əvəzolunmazdır“. Parkdakı 84 zığ-zığın hər il 1 milyona yaxın palıd toxumunu basdırdığı qeyd olunur. Bu xidmətin insanlar tərəfindən əvəz olunması üçün hər il 33 mindən çox olmaqla 14 il ştil əkilməldir! 

Çölün üstü ilə köç edən meşə quşu: zığ-zığ © Elvin Məmmədsoy

Əlbəttə hər bir müşahidəçinin daha xoşuna gələn nadir növ və yarımnövlərdir. Məsələn, bir çöl boz alaçöhrəsi (lat. Lanius excubitor ssp. pallidirostris) bir neçə gün sayım məntəqəmizin ətrafında qidalanıb, dincəldikdən sonra köçünə davam etmişdi. Qeyd edim ki, bu yarımnöv ölkəmizdə cəmi 3 dəfə qeydə alınıb! Əlavə olaraq qeyd edim ki, alaçöhrələr sərçəkimilərdən olmasına baxmayaraq ovladıqları kiçik canlılar (həşərat, kərtənkələ, gəmirici, bəzən quşlar!) ilə qidalanırlar. Ayaqları güclü olmadığından ovlarını ağac tikanına sancırlar və buna görə “qəssab quşu” ləqəbini qazanıblar.

Köç yorğunu çöl boz alaçöhrəsi dincələrkən. © Elvin Məmmədsoy

Və ya ölkəmizin ən nadir quşlarımızdan olan çığırğan cüllütün 19 sentyabrda dəniz sahilində gəzməsi də olduqca gözəl xatirə idi. Təəssüf ki, həmin gün uşaqlıq dostumun, polis əməkdaşı olan Ələsgərin Qarabağda minaya düşərək rəhmətə getdiyini eşidərək bu andan o qədər də zövq ala bilməmişdim (bir daha onu rəhmətlə anıram).

Qumsallıqda gəzişən çığırğan cüllüt (lat. (lat. Vanellus gregarius) © Moritz Morteani

Sentyabrdakı maraqlı xatirələrimizdən biri də bizi hər gün gördüyündən mövcudluğumuza alışmış gənc adi alaçöhrə (lat. Lanius collurio) olmuşdu. Hətta bizə o qədər alışmışdı ki, tutduğumuz çəyirtkələri əlimizdən götürməyə çəkinmirdi!

Gənc alaçöhrəni çəkərkən mən © Michael Heiss

Oktyabra doğru havalar soyumağa başladı və biz daha fərqli quşları görməyə başlamışdıq. Artıq sarı çaydaçapanları ağ çaydaçapanlar əvəzləməyə başlamış, torağaylar gəlib çatmış, hörücülərin sayı artmaqda idi. Torağaylar arasında əlbəttə ən maraqlılardan biri isə 6-11 Oktyabr tarixləri arasında bir neçə dəfə səsini eşidərək qeydə aldığımız Kiçik tarla torağayı (lat. Alauda gulgula) olmuşdu!

5 Oktyabr tarixində düz 6669 ağ çaydaçapan və 179 tarla dağdaçapanı köç edərək bu növlər üçün qeydə alınmış maksimum saya çatmışdılar. Çaydaçapanlar arasında maraqlı xatirələrdən biri də 8 oktyabr tarixində qeydə aldığım yaralı quş idi. Buna görə bir neçə metr yaxınlaşa bildiyim bu quşu ilk olaraq şərq sarı çaydaçapanı zənn etmişdim (ölkəmizdə cəmi 1 dəfə qeydə alınıb). Sonra məlum oldu ki, gənc sarıbaş çaydaçapan (lat. Motacilla citreola) imiş.

Məni çaşdıraraq sevinməyimə səbəb olan gənc sarıbaş çaydaçapan (lat. Motacilla citreola)

Məni tanıyanlar bilir ki, ən sevdiyim quşlar yırtıcı quşlardır. Və Beşbarmaq bu “mövzuda” da bizi darda qoymur. Sentyabrda bəzən bir gündə onlarla fərdi köç edən tarla və çöl belibağlıları həm bizi sevindirir, həm də təyinetmə bacarıqlarımızı test edirdi. Gündüz aktiv olan yırtıcı quşlarla yanaşı gecənin yırtıcıları (bayquşlar) da köçə başlamışdı artıq. Maraqlı xatirlərələrimizdən biri də 16 oktyabr tarixində stansiyamızın yaxınlğında oturmuş sığırçınlardan birini ovlayan və göz-gözə gəldiyim bataqlıq bayquşu (lat. Asio flammeus) olmuşdu.

Ovçuların baxışması – Bataqlıq bayquşu ilə göz-gözə gəldiyim o an.

Onu da qeyd edim ki, darboğazımızı yalnız quşlar istifadə etmir. Sayımlar zamanı müxtəlif həşəratların, xüsusilə iynəcə (lat. Odonata ) və kəpənəklərin burdan keçərək köç etdiyinin şahidi olduq. Onlardan biri də xrizip adlanan, qırmızı kitaba salınmış kəpənək növüdür (lat. Danaus chrysippus). Cins olaraq Monarx kəpənəklərindəndir – 🦋. Onların Amerikalı qohumları uzun məsafəli (Kanadadan Meksikaya, 4000 km) köçləri ilə məhşurdur. Bizdəki növün qırmızı kitabda yalnız Talış zonasında qeydə alındığı vurğulansa da biz 2 həftəyə 5-6 fərdini köç edərkən müşahidə etmişik. Dağıstanda da qeydi var və həmin populyasiya Xəzər sahili ilə cənuba köçür. Maraqlısı isə odur ki, bu köçü bir neçə nəsil boyunca edirlər. Yəni dişilər yumurta qoyduqdan qısa müddət sonra ölür. Yumurtadan çıxdıqdan sonra tırtıllar qidalanaraq kəpənəyə çevirilir və valideyninin köç yoluna davam edir.

Köç edən kəpənək növlərimizdən – Xrizip və ya Asiya monarxı (lat. Danaus chrysippus)

Lahiyənin yarısı müddətində (1 Sentyabr – 15 Oktyabr) yarım milyona yaxın köçəri quş saymışıq! Əlbəttə sayımımız davam edir (dekabra kimi) və bura müşahidələrimi/xatirələrimi əlavə etməyə davam edəcəm. Sizdə istəsəniz sayımlarımıza qoşula və ölkəmizin bu təbiət inciləri ilə daha yaxından tanış ola bilərsiniz.

Lahiyələrimiz barədə ətraflı – https://birdingazerbaijan.org/

Qeyd etdiyimiz quşların sayı barədə – https://trektellen.org/site/totals/1533/2023


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading