Get-gedə havalar isinməyə başlayır. Yay aylarında ölkəmizdə buna paralel olaraq ilan və əqrəb sancmaları artır. Bu yazıda ölkəmizdəki əqrəb sancmaları və bu problemdən özümüzü necə qoruya biləcəyimizdən yazacam.
Hər il dünyada 1.2 milyon insanı əqrəb sancır, təqribən 3 mini ölür. Dünyada mövcud olan 2600 əqrəb növündən yalnız 25-nin zəhəri insan üçün ölümcül hesab olunur (<1%). Dünyada ən təhlükəli əqrəb növü Fələstin sarı əqrəbi (lat. Leiurus quinquestriatus) adlanan növdür. Onun zəhərinin LD50 dəyəri cəmi 0.25 mq/kiloqramdır.
LD50 dəyəri (“Lethal Dose” 50%, yəni ölümcül doza 50 %) zəhərli maddələrin test olunan heyvanların (əsasən siçovullar) yarısını öldürmək üçün hər kiloqram bədən ağırlığı üçün nə qədər zəhər lazım olduğunu göstərən dəyərdir. Yəni, Fələstin sarı əqrəbinin ortalama 80 kq-lıq 10 insandan 5-ni öldürməsi üçün cəmi 20 mq zəhər sərf etməsi kifayətdir (80 x 0.25 = 20 mq). Maraqlıdır ki, bu növ ölkəmizdə olmasa da eyni cinsdən olan Leiurus abdullahbayrami növü 2009-cu ildə Türkiyədə kəşf olunub. Ona görə də yayda Qardaş ölkəyə (xüsusən cənubi Anadoluya) səyahət edəndə diqqətli olun, çünki bu növün də zəhərinin LD50 dəyəri çox aşağıdır (bir araşdırmaya görə 19 mq/kq).

Qayıdaq ölkəmizə. Əvvəl də qeyd etdiyim kimi ölkəmizdə 7 növ əqrəb qeydə alınıb. Əslində bu say çox ola bilər, çünki ölkəmizdə bu sahədə ciddi araşdırmalar aparılmayıb. Bu növlər arasında ən təhlükəli olanı qara əqrəb (lat. Androctonus crassicauda) adlanan növdür. Təsadüfi deyil ki, onun elmi adı “qalın quyruqlu kişi qatili” mənasına gəlir. Bu növün zəhərinin LD50 dəyəri 0.32 mq/kq-dır. Yəni, öz zəhərinə görə dünyanın ən təhlükəli növündən çox da geri qalmır. Başqa sözlə qara əqrəbin 25.6 mq zəhəri sancdığı 10 adamdan (80 kq-lıq) yarısını öldürməyə qadirdir. Lakin Naxçıvanda yaşamırsınızsa şanslısınız, çünki ölkəmizin ən təhlükəli növü olan qara əqrəbə yalnız Muxtar Respublikada rast gəlmək olur.
Digər tərəfdən Azərbaycanda ən geniş yayılmış əqrəb növləri isə xalq arasında “sarı əqrəb” olaraq bilinən, əslində əlvan əqrəb (lat. Mesobuthus sp. və Olivierus sp.) adlanan 4 növdür. Bu növlərin zəhəri sağlam insan üçün ölümcül hesab olunmur. Məsələn, Avropa əlvan əqrəbi (lat. Mesobuthus eupeus) növünün zəhərinin LD50 dəyəri 4.9 – 6.95 mq/kq-dır. Görə biləcəyiniz kimi qara əqrəblə müqayisədə bu dəyər çox yüksəkdir. Yəni 10 ədəd 80 kq-lıq adamdan 5-ni öldürmək üçün əlvan əqrəbin 392-556 mq zəhəri lazımdır! Bu növün tək sancması zamanı cəmi 0.20 mq-a yaxın zəhər ifraz etdiyini nəzərə alsaq, sizi 100% öldürməsi üçün üst-üstə təqribən 2000 dəfə sancmalıdır! Ölkəmizdə əlvan əqrəblər arasında ən təhlükəlisi isə yalnız Naxçıvanda qeydə alınmış və daha iri ölçülü olan Qafqaz əlvan əqrəbidir (lat. Olivierus caucasicus).
Əlbəttə zəhərin təsiri bu riyazi hesablamlardan daha çox sancılan insanın yaşından, sağlamlıq vəziyyətindən, sancmanın olduğu yerdən (ürəyə yaxınlıq) aslıdır. Qocalar və uşaqlar əqrəb sancmasına daha həssasdırlar.
BƏS ƏQRƏB SANCMASI ZAMANI NƏ ETMƏLİ? ![]()
Əqrəb sancdıqda yarayı suyla təmizləməli, sancılan yerə buz qoymalı (ağrını azaltmaq üçün), sonra isə xəstəxanaya müraciət edilməlidir. Yaranı deşmək, sormaq qətiyyən olmaz. Növündən aslı olmayaraq istənilən əqrəb sancması zamanı həkimə müraciət edin (çünki bədəninizin necə reaksiya verəcəyini təxmin edə bilmərsiniz). Unutmayın bəzi insanlar arı sancmasından belə ölür!
ÖZÜMÜZÜ ƏQRƏBLƏRDƏN NECƏ QORUYAQ?
Əqrəb sancmalarının böyük əksəriyyəti ehtiyatsızlıqdan baş verir. Yəni əqrəbi görmədən tapdaladıqda və ya yatarkən əzdikdə insanlar sancılır. Unutmayın ki, heçbir əqrəbin birinci məqsədi sizi sancmaq deyildir, çünki, zəhərləri onlar üçün olduqca dəyərli olub, hazırlanması çətindir. Əslində olduğunuz ərazidə əqrəblərin olub-olmadığını bilmək çox sadədir. Tam olaraq səbəbi bilinmir, amma, demək olar bütün əqrəb növləri ultrabənövşəyi (UV) ışıq altında parıldayırlar. Yəni siz cüzi miqdarda pul xərcləyərək belə fənər alıb evinizdə bu canlıların olub-olmadığını öyrənə bilərsiniz (mənim etdiyim kimi):
Əlavə olaraq əqrəb zəhəri dünyanın ən bahalı mayesi hesab olunur. Səbəbi isə bir çox tibbi araşdırmada (xərçənglə mübarizə kimi) bu zəhərin istifadə olunmasıdır. Xəbərlərdə Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində qara əqrəbin zəhərinin əldə olunması məqsədilə təsərrüfat yaratmaq istəyən sahibkarlarla görüş keçirdiyi qeyd olunur. Düşünürəm ki, bu insanlar asan pul qazana biləcəyini zənn edən həvəskarlardır, çünki əqrəb zəhəri bahalı olsa da təlabatı limitlidir. Alıcılar yalız qabaqcadan anlaşdıqları bir neçə labarotoriyalardan zəhər tədarük edirlər. Bunun yerinə ölkəmizdə yerli zərdab (antivenom) istehsalı müəssisəsinin qurulması çox yaxşı olardı.
Leave a Reply