Taksonomiya biologiyada canlılar aləminin qruplaşdırmasını ifadə edən sistemin adıdır. Məsələn, ölkəmizdə bəzi ornitoloqlar hələ də “gündüz yırtıcı quşları” ifadəsini işlədərək qırğıkimilər və qızılquşkimiləri birgə təsnif etməyə davam etsələr də son illərdəki genetik araşdırmalar bu iki qrupun tamamilə ayrı iki dəstə olduğunu, qızılquşların genetik olaraq qırğılardan çox tutuquşulara yaxın olduğunu ortaya qoyub! (Ətraflı – Yırtıcı quşlar hansılardır?)

Hazırda dünyada quşların taksonomiyası ilə məşğul olan 3 böyük ekspert qrupu var. Dünyada neçə quş növü var sualına bu qruplar fərqli cavab verir. Clements/eBird siyahısı 11.145 növü, Birdlife International 11.524 növü, IOC Bird List isə 11.276 növü əks etdirir. Təkcə 2024-də 3 yeni quş növü təsvir olunmuş, 140 quş isə yarımnöv statusundan növ statusuna çevrilmişdir (Clements siyahısında)
2022-ci ildə bu qrupların hər üçünün təmsil olunduğu “Ekspert işçi qrupu” yaradılaraq vahid qlobal quş taksonomiyası üzərində işləməyə başladılar. Sadə dildə desəm dünyada neçə quş növünün olduğunu müəyyənləşdirib, təsnifatdakı yarımnöv/növ fərqi kimi məsələləri aradan qaldırmağı hədəfləyirlər. Və 2025-ci ildə bu siyahı ictimayətlə bölüşəcək. Lakin, ölkəmizin quşlarının təsnifatına da təsir edəcək bu dəyişiklərdən bəziləri artıq məlumdur. Gəlin onlara birgə baxaq:
Ən təəcüblü dəyişiklərdin biri yəqin ki, parklarda belə gördüyümüz boz qarğanın təsnifatındadır. Boz və qara qarğalar bir-biri ilə hibrid əmələ gətirə bilən iki ayrı növ hesab olunurdular. Boz qarğa bizdə geniş yayılsa da, qara qarğanın adı yalnız ədəbiyyatlarda çəkilir və ölkəmizdə qeydə alınması şübhəli idi (vətəni Avropa və Şərqi Asiyadır). Artıq bunu düşünməyə ehtiyac belə qalmayacaq. Çünki, yeni təsnifatla onlar bir növ hesab olunacaqlar – “Avrasiya qarğası”




Yazının başında yırtıcı quşlardan danışmışkən qeyd edim ki, ölkəmizdə 4 qırğı növü var. Əvvəl onların hamısı dünyadakı bütün qırğılar kimi (40+ növ) vahid Accipiter cinsində təsnif olunurdusa yeni təsnifata görə ölkəmizdəki qırğılar 3 müxtəlif cinsə aid olacaq – Astur (iri qırğı), Accipiter (kiçik qırğı), Tachyspiza (Avropa və Türküstan tüvikləri/qırğıları).

Digər tərəfdən yeni taksonomik dəyişiklərlə ölkəmizin faunasındakı bəzi yarımnövlər növ statusu qazanacaq. Gözlənilən dəyişiklərdən biri bizdə az sayda fərdi köç və qışlama zamanı müşahidə edilən qırmızıqarın dağdaçapanın ayrıca növ (lat. Anthus japonicus) statusu qazanması və Amerikadakı populyasiyadan ayrılmasıdır.

Gələcəkdəki potensial dəyişiklərdən biri də meşə çərçənsisi növündədir. Qafqazdakı populyasiyanın (P.m.obscura yarımnövü) Avropadakı çərənçilərdən həm görünüşcə (daha qəhvəyi), həm də genetik olaraq fərqləndiyi bir neçə il öncədən bilinirdi. Ehtimal ki, yeni taksonomik siyahıda bölünən növlərdən biri olacaq.

Quş müşahidəçiləri/ornitoloqlar bu taksonomik dəyişiklikləri səbirsizliklə gözləməkdədir. Görək gələn ilə kimi ekspert qrupu hansı yeni qərarlar verəcək…
Leave a Reply