Hər keçən gün biomüxtəliflilik krizi davam edir və biz növlərimizi itiririk. Dünən dərc olunmuş reporta görə isə ölkəmizdə qeydə alınmış 410-a yaxın quş növündən biri olan Kiçik əyridimdik cüllütün (lat. Numenius tenuirostris) dünyada nəsli kəsilmiş hesab olunur! Qeyd edim ki, o ölkəmizdə rast gəlinən ən nadir 3 quş növündən biri idi və digər ikisindən ağ durnanın da ölkəmizdəki populyasiyasının nəsli tükənmiş kimi görünür (son iki ildir tənha erkək Ümid qeydə alınmır!)

Kiçik əyridimdik cüllüt təsviri © Szabolcs Kókay

Kiçik əyridimdik cüllüt (lat. Numenius tenuirostris) – Ölkəmizdə qeydə alınmış üç əyridimdik cüllüt növündən ölçücə ən kiçiyidir. Rusiyanın cənubu və Qazaxıstanın bozqırlarında (izotop analizlərinə əsasən) yuvalayan bu növ qışlamaq üçün cənuba, Aralıq dənizi ətrafındakı ölkələrə köç edirdi. Ölkəmizdə də əsasən köç vaxtı və ya Xəzər sahilində qışlayan fərdlər qeydə alınmışdır. Məsələn, 1988-ci ildə Yaşma adasında ovçuların vurduğu bir fərd tapılmışdır.

Bənzər digər 2 əyridimdik növümüz – Böyük əyridimdik (sol, qırmızı kitab) və ortaboy əyridimdik (sağ)

Görünüşcə digər əyridimdik cüllüt növlərinə bənzəsə də qısa və nazik dimdiyinə, qarnındakı xalların dairəvi formasına və qanadının ucundakı tünd çalma lələklərinə görə fərqlənir. Əsrimizdə növün 50-dən az fərdinin qaldığı düşünülürdü və təsdiqlənmiş ən son müşahidəsi 2001-ci ildə Macarıstan Respublikasında qeydə alınmışdır. Əksər ornitiloqlar və quş müşahidəçiləri növün artıq nəslinin tükəndiyi fikri ilə razılaşır. Növün nəslinin tükənməsindəki əsas amillər təbii arealının məhv edilməsi və ovçuluq olmuşdur.

Məlumat üçün onu da qeyd edim ki, ötən ay 7-si ölkəmizdə rast gəlinən 16 cüllüt növünün qlobal mühafizə statusu İUCN tərəfindən dəyişdirilərək daha sərt qorunma tədbirlərinə ehtiyac olduğu vurğulanmışdır. Ölkəmizdə qanunsuz ovçuluq bu kimi su-bataqlıq quşlarının nəslinin tükənməsində başlıca səbəblərindəndir.


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

2 responses

  1. alwayspassionated903bac369 Avatar
    alwayspassionated903bac369

    Bu Dünyada nəsli tükənəsi yeganə canlı insandır. Ümid edirəm, tez bir zamanda Yer üzündən silinib gedərik və Dünyada həyat bizsiz çox gözəl davam edər.

  2. […] yazıda təzəliklə nəsli tükəndiyi qəbul olunan kiçik əyridimik cüllütdən bəhs etmişdim. Bir canlının nəslinin tükənməsi üçün onun tam olaraq yox olmasına ehtiyac […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading