Bildiyiniz kimi ölkəmizdə ən geniş yayılmmış landşaft yarımsəhra və quru çöl landşaftıdır (ərazinin təqribən 25%-i). Bu landşaft Kür-Araz ovalığının çox hissəsini, Naxçıvan MR-ın Arazboyu düzənliklərini, Abşeron yarimadasını və Samur-Dəvəçi ovalığının cənub-şərq, yarısını əhatə edir. Hündürlük -27 m-dən (Xəzər dənizi sahilində) 600-1000 m-ə (Naxçıvan MR-də) qədərdir. Dünyada landşaftın dayanqlılığının göstəricilərindən biri də həm də yer sincabı adlandırılan sünbülqıranlar sayılır. Maraqlıdır ki, Avrasiya çöllərində geniş yayılsalar da sünbülqıranlar Cənubi Qafqazdan uzaq dururlar.

Müxtəlif sünbülqıran növlərinin arealları (Cənubi Qafqazdakı boşluğa diqqət) [1]

Sünbülqıranlar (lat. Spermophilus, elmi adı “toxumsevən” deməkdir) sincablar fəsiləsindən gəmirici heyvan cinsidir. Buna görə onlara həm də yer sincabı da deyirlər. Bədəninin uzunluğu 20—40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. 

Gələk mətləbə. Maraqlıdır ki, bizim coğrafiyanın ətrafında iki sünbülqıran növü olsa da onların arealları ölkəmizə gəlib çatmır. Bunlardan biri demək olar Türkiyəyə endemik olan Anadolu yer sincabı (Türkçə: gelengi) (lat. Spermophilus xanthoprymnus) növüdür. Yayıldığı ərazi Anadolunun şərqində Ağrı dağının ətəklərinə çatır, cüzi miqdarda İran və Ermənistan ərazisində qeydə alınmışdır. Bu növün ölkəmizdə (Sədərəkdə) olma ehtimalı olsa da bu fakt təsdiqlənməyib.

Anadolu sünbülqıranı (yer sincabı)
Anadolu yer sincabının arealı (xəritədə A) [2]
Cırtdan yer sincabı (lat. Spermophilus pygmaeus)

İkinci növ isə Cırtdan yer sincabı (lat. Spermophilus pygmaeus) adlanır. Arealı Krımdan ölkəmizin şimal sərhədinə qədər (Dağıstana) gəlib çıxır. Əlavə olaraq onun bəzən ayrıca növ hesab edilən, izolyasiya olmuş Qafqaz yer sincabı (lat. Spermophilus (p.) musicus) populyasiyası da var (xəritədə C). Bu populyasiayanın qonşu Gürcüstanda mövcudluğu da öz təsdiqini tapmamışdır.

Cırtdan yer sincabının arealı (xəritədə B) [2]

Maraqlısı budur ki, Binəqədidə tapılmış buz dövrü fosilləri arasında tipik çöl (step) landşaftına uyğun otyeyənlər – sayqaklar kimi rast gəlinsə də sünbülqıran fosilləri qeydə alınmamışdır. Yuxarıdakı xəritələrdən göründüyü kimi ölkəmizdə sünbülqıranlar iki sərhədyanı bölgədə (Sədərək və Samu-Yalama MP-da) yayılmış ola bilər.

Yer sincabları yarımsəhrə və çöl (step) landşaftı üçün olduqca əhəmiyyətli olub bir çox yırtıcı məməli və quş növünün qida obyektləri olmaqla yanaşı həm də yerin altında qazdıqları yuvaların torpaq qatına münbitləşdirməsinə görə onlar həm də “ekosistem mühəndisləri” sayılırlar.

Ölkəmizdə çoxalan dişi ütəlginin fotosu (laçınçılıqdan qaçan fərd)

Ölkəmizdə çoxaldığını yeni öyrəndiyimiz ütəlgi qızılquş (lat. Falco cherrug) və imperator qartalı (lat. Aquila heliaca) kimi nadir növlərin bəzi yerlərdəki çoxalma uğuru yer sincablarının sayından aslıdır. Sünbülqıranların populyasiyasındakı azalmalar həmin landaşftda həddən artıq otlama (overgrazing) üçün də yaxşı indikatordur.

OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

Xəritələrin mənbələri:

  1. Evgeniy Simonov, Natalia V. Lopatina, Sergey V. Titov, Anastasiya D. Ivanova, Oleg V. Brandler, Vadim L. Surin, Vera A. Matrosova, Alisa E. Dvilis, Nataliya V. Oreshkova, Svetlana Yu. Kapustina, Fedor N. Golenishchev, Oleg A. Ermakov. (2024). Traditional multilocus phylogeny fails to fully resolve Palearctic ground squirrels (Spermophilus) relationships but reveals a new species endemic to West Siberia, Molecular Phylogenetics and Evolution, Volume 195, 2024, 108057, ISSN 1055-7903, https://doi.org/10.1016/j.ympev.2024.108057.
  2. Krystufek, Boris & Vohralík, Vladimir. (2012). Taxonomic revision of the Palaearctic rodents (Rodentia). Sciuridae: Xerinae 1 (Eutamias and Spermophilus)..


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

One response

  1. […] olduqca nadir növlərin qidasını təşkil edirlər. Daha əvvəl sünbülqıranlar haqqında yazmışdım. Həmçinin siçovul qalığının olması da maraqlıdır. Çünki, çox vaxt onlar insan […]

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading