Bu yaxınlarda qarşıma ölkəmizin ən təhlükəli ilan növünün də daxil olduğu nəhəng gürzə (Macrovipera sp.) cinsinə aid ilanların sancması, kliniki proseslər və onların zəhərinə qarşı istifadə olunan zərdablar barədə çox gözəl bir elmi məqalə çıxdı. Bu yazıda da həmin məqalədən (istinad sonda) və bəzi özümün əlavə etdiyim məlumatları ümumiləşdirib bölüşürəm.

Yazı aşağıdakı altbaşlıqlardan ibarətdir:

  1. NƏHƏNG GÜRZƏ ZƏHƏRİNİN TƏRKİBİ
  2. GÜRZƏ (İLAN) SANCMASI ZAMANI GÖRÜNƏN SİMPTOMLAR
  3. GÜRZƏ (İLAN) SANCMASI ZAMANI İLKİN TİBBİ MÜDAXİLƏ
  4. TİBB MÜƏSSƏSİNDƏ MÜDAXİLƏ VƏ ZƏRDAB

Azərbaycanda yalnız gürzələr insan həyatı üçün təhlükəli ola biləcək ilanlardır və onların bizdə 7 (8) növü qeydə alınmışdır. Bunlardan ən təhlükəlisi və irisi (1.5-2 metrə çatan) nəhəng gürzə (Macrovipera lebetina) adlı növdür. Ölkəmizdə bu ilanın obtusa yarımnövünə rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə nəhəng gürzələrin (Macrovipera cinsi) arealında 2020-ci ildə 246 milyona yaxın insan yaşamaqdadır!

Müxtəlif nəhəng gürzə növ və yarımnövlərinin arealı (Mənbə: Avella et al. 2025)

NƏHƏNG GÜRZƏ ZƏHƏRİNİN TƏRKİBİ

Nəhəng gürzənin zəhəri müxtəlif zülallar toplusudur. Buna görə çox vaxt ilan zəhəri kokteyl adlanır. Məqaləyə görə bizim ölkədə də rast gəlinən M.l.obtusa yarımnövünün zəhərində əsas toksin ailələri bunlardır: svMP (22-34%), PLA2 (13-15%), svSP (15-25%), CTL (9-15%). Onların zəhərləri hemorragik (qan damarlarının divarlarını zədələyərək daxili qanaxmalara səbəb olan), sitotoksik (hüceyrələri birbaşa məhv edən) və koaqulopatik (qanın laxtalanma sistemini pozaraq ya həddindən artıq qan laxtalanmasına, ya da əksinə, laxtalanmanın qarşısının alınmasına səbəb olan) xüsusiyyətlərə malikdir. Həmçinin yalnız bu yarımnövdə qeydə alınan, xərçəngə qarşı effektiv ola biləcək toksik zülal da (obtustatin) qeydə alınmışdır.

Maraqlıdır ki, nəhəng gürzə zəhərin insan xərçəng hüceyrələrinə (U-87 MG (beyin xərçəngi), MCF-7 (döş xərçəngi) və CaCo-2 (bağırsaq xərçəngi)), bəzi bakteriyalara (həm mənfi, həm də müsbət Gram bakteriyalar) və Candida albicans göbələyinə qarşı təsirini araşdırıblar. Zəhər, xərçəng hüceyrələrinin çoxalmasını dozanın artmasına uyğun şəkildə azaltmışdır. Bu isə gələcəkdə xərçəng əleyhinə dərmanlarda zəhərdən istifadə potensialı olduğu mənasına gəlir. Lakin müəlliflər onu da qeyd edirlər ki, zəhər komponentlərinin xərçəng əleyhinə xüsusiyyətlərini araşdıran çoxsaylı tədqiqatlara baxmayaraq, bu tapıntılar ilkin nəticə hesab edilməli və əlavə eksperimental yoxlamalar aparılmalıdır.

GÜRZƏ SANCMASI ZAMANI GÖRÜNƏN SİMPTOMLAR

Nəhəng gürzə dişləməsindən sonra ilk 15 dəqiqə ərzində ağrı və şişkinlik meydana çıxır. Şişkinlik tezliklə bütün ətrafı və bədənin gövdə hissəsini əhatə edə bilər, ardından göyərmələr və dərialtı qan sızmaları yaranır. Qanlı maye ilə dolu qabarcıqlar və toxuma ölümü (nekroz), xüsusilə barmaqlar zəhərlənibsə, amputasiya ilə nəticələnə bilər. Bəzən ciddi hal olan kompartment sindromu (əzələlərin, damarların və sinirlərin yerləşdiyi qapalı anatomik sahənin yəni “kompartmentin” içində təzyiqin təhlükəli səviyyədə qalxması) inkişaf edir ki, bu da vaxtında müalicə olunmazsa ağır fəsadlara səbəb ola bilər.

Zəhərlənmənin ən ciddi təsirlərindən biri də qanda baş verən dəyişikliklərdir. Qanın laxtalanma pozğunluğu, trombositlərin azalması və qırmızı qan hüceyrələrinin dağılması (hemoliz) güclü qan azlığına səbəb ola bilər. Ağır hallarda böyrək və qaraciyər zədələnməsi, əzələ parçalanması (rabdomioliz), tromboz və digər sistemik fəsadlar müşahidə olunur.

Ümumi simptomlara isə qızdırma, üşütmə, başgicəllənmə, bayılma, susuzluq, ürəkbulanma, qusma və ishal daxildir. Sinir sisteminə təsirlər nadir hallarda olsa da, yorğunluq, yuxululuq və sinir zədələnməsi müşahidə olunur.

Maraqlıdır ki, başqa bir məqaləyə istinad edən müəlliflər qeyd edirlər ki, 2009–2020-ci illər ərzində Azərbaycanda qeydə alınmış 1122 nəhəng gürzə dişləməsi hadisəsinin təhlili göstərib ki, ölüm halları olduqca az – cəmi 1.9% təşkil edib.

Nəhəng gürzə sancması zamanı insanda yaran biləcək simptomların icmalı (Mənbə: Avella et al. 2025)

GÜRZƏ (İLAN) SANCMASI ZAMANI İLKİN TİBBİ MÜDAXİLƏ

İlan sancmasında ilkin yardımın əsas prinsipləri bunlardır:

  1. Zərərçəkmişi tez bir zamanda tibbi yardım məntəqəsinə/xəstəxanaya çatdırmaq;
  2. Zəhərin təsirinin yayılmasını mümkün qədər ləngitmək;
  3. Həyati təhlükə yaradan ilkin simptomları yüngülləşdirmək.

Sancılmış şəxs sakitləşdirilməlidir, çünki qorxu və stress nəticəsində ürək döyüntüsünün sürətlənməsi (taxikardiya) zəhərin bədəndə daha tez yayılmasına səbəb ola bilər. Bu məqsədlə, ona aşağıdakılar izah edilə bilər:

  • Hər ilan sancması zəhərlənmə ilə nəticələnmir (“quru sancma” mümkündür);
  • Zəhərin təsiri adətən yavaş irəliləyir (bəzi hallarda günlərlə);
  • Ümumi ölüm halları azdır;
  • Müasir tibbi müalicələr xilas etmə cəhətdən çox təsirlidir.

Sancılan nahiyə su və spirtsiz antiseptiklərlə təmizlənməlidir. Qolbaq, saat və ya dar geyim kimi qan dövranını sıxan əşyalar çıxarılmalı, zədələnmiş ətraf sadə vasitələrlə (məsələn, taxta çubuq və ya parça ilə) hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Çünki əzələ hərəkəti zəhərin bədənə yayılmasını sürətləndirir!

Qəti şəkildə qaçınılmalı olan zərərli üsullar:

  • Yaraya dağ basmaq, kəsmək, əmmək və ya zəhəri çıxarmağa çalışmaq;
  • Vakum pompası və ya şprislə sorub çıxarma cəhdləri;
  • Turniket bağlamaq;
  • Bitki mənşəli xalq təbabəti vasitələri (otlar, dəmləmələr);
  • Elektrik şoku və ya buz tətbiqi.

Xüsusilə nəhəmg gürzə kimi güclü sitotoksik zəhərə malik ilan sancmalarında turniket bağlamaq çox təhlükəlidir, çünki bu, qan axınını kəsməklə toxuma zədələnməsini artırır və iç damarların tutulması, toxuma ölümü (nekroz) və qanqrena ilə nəticələnə bilər. Eyni şəkildə, bəzi hallarda tövsiyə edilən təzyiqli bintlər zərər verə bilər və istifadə olunmamalıdır.

TİBB MÜƏSSƏSİNDƏ MÜDAXİLƏ VƏ ZƏRDAB

Nəhəng gürzə sancmasının simptomları bir neçə dəqiqə ərzində və ya saatlar sonra ortaya çıxa bilər, buna görə xəstənin azı 24 saat xəstəxanada müşahidədə saxlanılması tövsiyə olunur. Erkən əlamətlərə ağrı, ürək ritmində dəyişiklik, ürəkbulanma, qusma, qarın ağrısı və ishal daxildir. Ağrı analjeziklərlə aradan qaldırıla bilər, lakin aspirin istifadəsindən qaçınılmalıdır. Antibiotiklər yalnız infeksiya riski olduqda verilməlidir. Tetanoz peyvəndi vəziyyətə görə dəyərləndirilməlidir. Daxili fəsadların müalicəsi (məsələn, qaraciyər, böyrək və ürək zədələnməsi) ümumi protokollara uyğun aparılır.

Hipotoniya hallarında xəstə ayaqları yuxarıda qalacaq şəkildə yerləşdirilməlidir. Qusma hallarında uyğun dozalarda antiemetik dərmanlar tətbiq oluna bilər. Nadir hallarda, daha əvvəl zəhərlə təmasda olmuş şəxslərdə allergik reaksiya baş verə bilər və bu zaman anafilaksiya müalicəsi protokoluna əməl olunmalıdır.

Zərdab (antivenom) ilan zəhərinə qarşı yeganə antidotdur. Zərdab əvvəlcədən əldə olunmuş ilan zəhərinin iri məməliyə (bu çox vaxt at olur) vurulması və onun bədəninin istehsal etdiyi antikorlar əsasında hazırlanır. Bu səbəbdən zərdab vurulanda insanda kənar təsirlər formalaşır və zərdab yalnız həkim nəzarəti altında vurulmalıdır!

İlan sancması zamanı dişləyən növ müəyyən olunarsa, monovalent (tək növə qarşı təsirli) antizəhər ən yaxşı seçim hesab edilir. Əgər sancan növ bilinmirsə, eyni təsiri əldə etmək üçün daha yüksək doza ilə polivalent (bir neçə növə qarşı təsirli) zərdab tətbiq olunur.

Özbəkistan istehsalı olan polivalent zərdab

Zərdab damardaxili infuziya ilə verilir, bu zaman xəstədə mümkün olan allergik reaksiyalar, xüsusilə anafilaksiya izlənilir və lazım gəldikdə infuziya dayandırılır. İlk dozanın yaxşı klinik təsiri olsa belə, xəstələr bir neçə gün müşahidədə saxlanmalıdırlar. Bunun səbəbi, zəhərin bədəndə davamlı şəkildə sorulması və serumdakı antizəhər konsentrasiyasının azalması nəticəsində problemlərin (məsələn, qanla bağlı pozğunluqların) təkrar ortaya çıxma ehtimalıdır. Uşaqlara tətbiq olunan zərdab dozası yetkinlərlə eyni miqdarda olur, yəni yaşa görə azaldılmır.

Zərdab damar daxilinə verildikdən 10-60 dəqiqə sonra baş verən erkən reaksiyalar əsasən anafilaktoid xarakter daşıyır və standart anafilaksi müalicəsi ilə aradan qaldırılmalıdır. Zərdan vurulan zaman anafilaksiya riski mövcud olsa da bu risk zəhərin özü tərəfindən yaranan birbaşa anafilaktik reaksiyalardan daha azdır. Əvvəlcədən allergik reaksiyaları olan və ya yüksək riskli xəstələrdə zərdabdan əvvəl epinefrin tətbiqi bu ağır reaksiyaların qarşısını ala bilər. Müalicədən 1-2 saat sonra yaranan pirogenik reaksiyalar (qızdırma) antizəhərin istehsalında yaranan maddələrdən qaynaqlanır və aspirin xaricində digər antipiretiklərlə temperaturun azaldılması ilə idarə olunur. Serum xəstəliyi tipli gecikmiş reaksiyalar isə adətən müalicədən 7 gün sonra baş verir və antihistaminlər, ağır hallarda isə prednizolonla müalicə edilir. Astma və digər atopik xəstəlikləri olanlar, həmçinin at əsasında hazırlanan zərdaba əvvəllər allergik reaksiya vermiş şəxslər daha yüksək risk altındadır.

Şəxsi qeyd: Məqalədə nəhəng gürzə sancmasına qarşı istehsal olunan 14 zərdabın haqqında detallı məlumat da verilir. Mənim bildiyim bizə əsasən Özbəkistandan polivalent (gürzə, kobra zəhərinə qarşı) zərdablar gətirilir. Maraqlıdır ki, istehsalçı ölkələr arasında həm də Türkiyə, İran da var ki, bu ölkələrlə əməkdaşlıq edərək yerli zərdab istehsalı potensialı araşdırıla bilər. Beləcə sancma zamanı vurulacaq zərdab yerli zəhərdən hazırlandığından daha effektiv olmaqla yanaşı onun xərclərini də azaldacaqdır! Bildiyiniz kimi vaxtilə (Sovet vaxtı) ölkəmizdə ilan zəhəri istehsal edən zavod olub.

MƏNBƏ:

Avella, I., Damm, M., Di Nicola, M.R. et al. The biology and toxinology of blunt-nosed vipers. npj biodivers 4, 21 (2025). https://doi.org/10.1038/s44185-025-00090-w


Discover more from Zülfü Fərəcli

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Discover more from Zülfü Fərəcli

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading