Azərbaycanda yaşayan ilan növləri haqqında bloqyazımı yazanda bu sual ağlıma gəlmişdi: Azərbaycanda kobra ilanı var?
Qısa cavab: xeyr, bizdə kobra yoxdur! Amma bu yaxınlıqda kobralar olmadığı mənasına gəlmir. Məsələn, Xəzərin şərqində, Mərkəzi Asiya çöllərində, eyni zamanda qonşu İran və Türkiyə ərazilərində də kobra növləri qeydə alınıb. Gəlin onları birgə tanıyaq:
Xəzər çöl kobrası (lat. Naja oxiana)
Bu növ həm də Mərkəzi Asiya kobrası kimi tanınır. Əsl kobralar, yəni lat. Naja cinsinə aid 20+ növdən biridir. Maraqlıdır ki, bu ilanı ilk dəfə 1831-ci ildə Eichwald ona tarix kitablarından yaxşı tanıdığımız qadın sərkərdə Tomrisin adını verərək Tomyris oxiana adlandırmışdı.

- Yayılma ərazisi: İran, Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanıstan. Bəzən Xəzərin şərq sahillərində də rast gəlinir.
- Uzunluğu: Adətən 1,5 – 2 metrə qədər.
- Davranışı: Agressiv sayıla bilər. Təhlükə hiss etdikdə başını qaldıraraq klassik “kobra pozası” alır və qorxutmaq üçün fısıldayır.
- Zəhəri: Güclü neyrotoksin və sitotoksin qarışığıdır. Sinir sistemini iflic edə bilər. Vaxtında müdaxilə olmadıqda ölümcül ola bilər.
- Yaşayış mühiti: Quraq və yarımsəhra əraziləri, qayaaltı boşluqlar və kolluqlar.

Qara səhra kobrası (lat. Walterinnesia morgani)

İkinci növ daha az tanınsa da, olduqca maraqlıdır. Qəribə səslənsə də, bu ilan klassik kobralar kimi boynunu genişləndirmir, amma genetik və zəhər strukturuna görə kobra ailəsinə aiddir.
- Yayılma ərazisi: İranın cənub-qərbi, İraq və Türkiyə.
- Uzunluğu: 1 – 1,8 metr arasında dəyişir.
- Rəngi: Tamamilə parlaq qara, bu xüsusiyyət ona “qara kobra” adını qazandırıb.
- Zəhəri: Güclü neyrotoksik təsirə malikdir, sinir sisteminə birbaşa hücum edir. Zəhərin bəzi komponentləri tibbi tədqiqatlarda istifadə olunur, məsələn beyin xərçəngi hüceyrələrinin məhvində.
- Xarakteri: Nisbətən sakitdir, amma təhlükə hiss etdikdə sürətlə müdafiəyə keçə bilər.

Leave a Reply